Bu il ölkəmizdə mötəbər beynəlxalq tədbir – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçiriləcək.
Hakimlər İttifaqından AZƏRTAC-a bildirilib ki, Azərbaycanın COP29-a sədrliyi və ev sahibliyi nəzərə alınaraq, cari ilin sentyabr ayında Azərbaycan Hakimlər İttifaqının təşkilatçılığı ilə Bakıda “Hüquq və iqlim” mövzusunda beynəlxalq konfrans baş tutacaq.
Tədbirin məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlim dəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasıdır.
Konfransda “İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası: Kiyoto, Doha və Paris əlavələri”, “İqlim dəyişikliyi və insan hüquqları: çağırışlar və hüquqi tənzimlənmə”, “İqlim dəyişikliyi ilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri”, “İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqla mübarizənin rolu: beynəlxalq və milli kontekst” və bir sıra digər mövzularda müzakirələr təşkil ediləcək.
Tədbirdə iqlim dəyişikliyinin hüquqi tənzimlənməsi sahəsində tanınmış beynəlxalq ekspertlərin, beynəlxalq təşkilatların nümayəndələrinin, habelə müxtəlif ölkələrdə və Azərbaycanda fəaliyyət göstərən hakimlərin, alimlərin və digər hüquqşünasların iştirakı nəzərdə tutulur.