Azərbaycanda COP29 çərçivəsində startap müəllifləri üçün şirkətlərin rəqəmsallaşması ilə bağlı seminarın keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda İntellektual Sənayenin Hazırlıq İndeksi üzrə keçirilən seminarda Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) nümayəndəsi Hizer Straus jurnalistlərə məlumat verib.
O deyib: “Sabah 15 startapın iştirak edəcəyi iki aylıq layihəyə start veriləcək. Onların arasında Azərbaycandan 11, o cümlədən Türkiyə və Tacikistanın hər birindən 2 startap var. Layihənin əsas məqsədi COP29-a dəstək məqsədilə şirkətlərin rəqəmsallaşması üçün startapları hazırlamaqdır. Bundan əlavə, seminarda iki aylıq potensialın gücləndirilməsi proqramının həyata keçirilməsi də nəzərdə tutulub. Onun məqsədi şirkətlərə öz texnologiyalarını və məhsullarını genişləndirmək və beynəlxalq bazarlara çıxmaq üçün korporativ vençur kapitalını cəlb etmək yollarını öyrətməkdir”.