“Daha təmiz dünya -daha parlaq səma!”

“Azərbaycan Hava Yolları” QSC və “Azərsun Holdinq” MMC Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində davamlı inkişaf təcrübələrinin təkmilləşdirilməsi və ətraf mühitin mühafizəsi üçün “Daha təmiz dünya -daha parlaq səma!” adlı birgə layihəyə start verib.

Bu barədə AZƏRTAC-a “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu təşəbbüsün əsas məqsədi kağız resurslarından istifadənin azaldılmasına, tullantıların təkrar emalının təşviqinə və ətraf mühitə zərərli təsirlərin minimuma endirilməsinə yönəlmiş tədbirlər tətbiq etməklə yaşıl, ekoloji cəhətdən məsuliyyətli gələcəyin yaradılmasına töhfə verməkdir.

İlkin olaraq Bakı hava limanında kağız tullantılarının yığılması üçün xüsusi qablar quraşdırılıb ki, bu da daha təmiz və dayanıqlı ətraf mühitin yaradılması istiqamətində növbəti addımların başlanğıcıdır. Layihə çərçivəsində toplanmış tullantı kağızlar Azərbaycan Kağız və Karton İstehsal Kombinatı tərəfindən təkrar emal ediləcək.

Qeyd olunub ki, təkrar emal olunmuş kağız istehsalı havanı ilkin xammal istehsalından 73 faizə qədər daha az çirkləndirir. Bundan əlavə, hər ton təkrar emal edilmiş kağız təxminən 17 ağacı xilas etməyə və 3,3 kubmetr tullantının azalmasına kömək edir.

Əvvəlki məqaləCeyhun Bayramov BMT-nin regional direktoru ilə COP29-a hazırlıq işlərini müzakirə edib
Növbəti məqalədəÇaylarda suyun səviyyəsinin artması selə səbəb olub