Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA Universitetində tədbir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA Universitetində “İqlim dəyişiklikləri və uşaqlarla bağlı yüksək səviyyəli milli tədbir” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində müxtəlif sahələrə həsr olunan mövzuların müzakirə edildiyini bildirib: “Bu il Bakıda keçiriləcək COP29 tədbirində enerji, su istehlakı, kənd təsərrüfatı, maliyyə və digər məsələlərin həlli istiqamətində müzakirələr aparılacaq. Bizim əsas məqsədimiz gəncləri bu problemlərin həllinə təşviq etməkdir”.

COP29-un Azərbaycan üzrə Gənclər İqlim Çempionu Leyla Həsənova deyib ki, iqlim dəyişmələri üzrə gündəliyin formalaşdırılmasına başlanılır. O qeyd edib ki, iqlim dəyişmələri haqqında dialoqlarda uşaqların diqqət mərkəzində olması vacibdir: “Çünki onlar bizim gələcəyimizdir. İqlim dəyişmələri ilə bağlı müzakirələrin davam etdirilməsi, problemin həlli gənc nəslə qala bilər”.

UNICEF-in Davamlılıq və İqlim üzrə Regional məsləhətçisi Maria Osbek deyib ki, Avropada və Mərkəzi Asiyada 160 milyon uşaq iqlim dəyişmələrinin təsirlərinə görə yüksək və orta-yüksək olaraq təsnif edilib. Onun sözlərinə görə, 2021-ci ildə 6 min 400 uşaq havanın çirklənməsi səbəbindən erkən ölüb. Onlardan 85 faizi bir yaşına çatmadan vəfat edənlərdir. Hər 10 uşaqdan biri çay daşqınları ilə üzləşmə riski daşıyır.

UNICEF-in nümayəndəsi tədbirdə iqlim dəyişmələri üzrə maarifləndirmə işlərinin önəminə toxunub.

Gənc iqlim elçisi Oruc Bayramov uşaqlara və gənclərə həssas iqlim xidmətləri və inklüziv informasiyalaşdırma metodlarının yaradılmasını təklif edib: “İqlim ailəsi mövzusunda gənclərin iştirakı, maliyyə qərarlarında təmsil edilməsi vacibdir. Məktəblərdə iqlim təhsili mütləq şəkildə tədris edilməlidir. Gənclərdən ibarət məşvərət şurasının yaradılması təkliflərimiz sırasındadır. Bizim gələcəyimiz gənclərin və uşaqların aktivliyi ilə formalaşacaq”.

UNICEF-in Azərbaycan Respublikasındakı nümayəndəliyinin sosial siyasət üzrə mütəxəssisi Rəşad Hüseynov təhsildə iqlim dəyişikliyi ilə bağlı biliklərin aşılanmasına toxunub, tullantıların düzgün çeşidlənməsi, infrastrukturun dayanıqlı olmasının zəruriliyini qeyd edib.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, çətin həyat şəraitində yaşayan uşaqların müdafiəsi nazirliyin prioritet istiqamətlərindən biridir: “Uşaqlı ailələrin sosial müdafiəsi üçün tədbirlər davam etdirilir”.

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib ki, Azərbaycanın orta təhsil müəssisələrində iqlim dəyişikliyinə həsr olunan tədbirlər keçirilir.

Aparat rəhbəri məlumat verib ki, Azərbaycanda noyabr ayında baş tutacaq COP29 tədbirində də təhsilin yaxşılaşdırılması məsələsinə toxunulacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova bildirib ki, nazirlik iqlim dəyişikliyi, təmiz ətraf mühit üzrə əhali arasında maarifləndirmə işləri aparılır, ekoloji tədbirlər həyata keçirilir.

Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova məlumat verib ki, 900 insan arasında aparılan sorğunun nəticələrinə əsasən, daha çox şəhərlərdə yaşayan insanlar iqlim dəyişikliyinin insanlara təsirlərindən məlumatlıdırlar: “Bu səbəbdən də maarifləndirmənin kənd yerlərində daha çox aparılmasına ehtiyac var. Səhiyyə müəssisələrində iqlim dəyişiklikləri haqqında xüsusi təlimlərə başlanılıb”.

Tədbirdə gənclər və idman nazirliyinin nümayəndəsi Nərmin Aslanbəyova Azərbaycanda gənclərin iqlim dəyişikliyi ilə mübarizədəki fəaliyyətindən danışıb.

Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib, müzakirələr aparılıb.

Əvvəlki məqaləEkologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyasının görüşü baş tutub
Növbəti məqalədəAMEA-da yaşıl transformasiyaların aktual elmi-praktik problemləri müzakirə olunub