Misir, Cibuti, Sudan, Səudiyyə Ərəbistanı, Liviya və Mavritaniyadan olan tələbələr bu il iyunun 27-dən iyulun 1-dək Lissabonda keçiriləcək BMT-nin Okean konfransına videomüraciət ünvanlayıblar.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, müxtəlif ölkələrdən olan 200-dən artıq tələbə bəşəriyyətə “Okeanları xilas edin!” müraciətini dəqiq çatdırmaq üçün futbol meydançasına düzülüblər.
Aksiyanı Misirin İsgəndəriyyə şəhərində yerləşən Ərəbistan Elm, Texnologiya və Dəniz Nəqliyyatı Akademiyasının tələbələri təşkil ediblər. Onlar hazırladıqları videoda iki güclü rəmzdən – Yer kürəsində hər kəsin tanıya biləcəyi lövbərdən və açıq dənizdə siqnal bayraqcıqlarının köməyi ilə universal ünsiyyət vasitəsi olan semafordan istifadə ediblər.
“Okeanlar planetimizin ürəyi və ağciyəridir, onlar bizim udduğumuz oksigenin böyük hissəsini təchiz edir”, – deyə Akademiyanın fiziki okeanoqrafiya və iqlimşünaslıq kafedrasının dosenti, tələbələrin aksiyasına rəhbərlik etmiş Kərim Mahmud Tonbol izah edir.
Onun sözlərinə görə, dəniz resursları Yer kürəsində üç milyarddan çox insanı qidalandırır. Okeanlar insanların yaratdığı karbon qazının 30 faizdən çoxunu özünə çəkərək, qlobal istiləşmənin fəsadlarını yumşaltmağa kömək edirlər.
Tonbol daha sonra deyir: “Dünya okeanını dayanıqlı idarə etmək üçün biz səylərimizi birləşdirməliyik. Davamlı inkişaf ona yönəldilib ki, uşaqlarımıza və gələcək nəsillərimizə miras qalacaq Yer kürəsi bizə miras qalandan pis olmasın”.
Bir həftə sonra Lissabonda start götürəcək BMT-nin Okean konfransının iştirakçıları dayanıqlı inkişaf sahəsində 14-cü hədəfə nail olmaq imkanlarını müzakirə edəcəklər. Bu hədəf okeanların, dənizlərin və dəniz ehtiyatlarının qorunub saxlanmasını və onlardan səmərəli istifadəni nəzərdə tutur.