“İqlim maliyyəsi Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının qarşıdan gələn 29-cu sessiyasında əsas müzakirə mövzusu olacaq”.
“Report” xəbər verir ki, bunu COP29-un baş icraçı direktoru Elnur Soltanov “EFE” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, COP29 sədrliyinin əsas məqsədi bütün tərəflərin ehtiyaclarını nəzərə alan iqlim maliyyəsi üçün aydın və iddialı yeni kollektiv kəmiyyət hədəfi müəyyən etməkdir.
E. Soltanov “Paris Sazişinin bütün sahələrində kollektiv tərəqqisinin” vacibliyini vurğulayaraq, iqlimin maliyyələşdirilməsinin mərkəzdə olduğunu bildirib.
Baş icraçı direktorunun strategiyasına fikir ayrılıqlarının aradan qaldırılması üçün siyasi istiqamət tapmaq və tərəflər arasında görüşlər vasitəsilə sammitə hazırlıq işlərinin sürətləndirilməsi daxildir:
“Biz yüksək səviyyəli müzakirələrə diqqət yetirməli və siyasi əlaqəni gücləndirməliyik”.
O, neft və qaz hasil edən ölkə kimi Azərbaycanın iqlim konfransına ev sahibliyi etmək üçün seçilməsi ilə bağlı səslənən mənfi fikirlərə də münasibət bildirib.
O, bütün tərəflərin əməkdaşlıq etdiyi inklüziv prosesi dəstəklədiyini bildirib. Ədalətli və nizamlı keçidin zəruriliyini vurğulayan S.Soltanov qeyd edib ki, bütün ölkələr müxtəlif nöqtələrdən başlayır və dekarbonizasiya, bərpa olunan sistemin qurulması və ədalətli keçidin təmin edilməsi üçün tələblər milli şəraitdən asılı olaraq dəyişir.
“İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel qlobal iqtisadiyyatda karbohidrogenlərin temperatur və xalis sıfır karbon hesablamalarında rolunu tanıyır. Azərbaycan tərəflərin birləşməsi üçün hər cür səy göstərəcək. Azərbaycan Konvensiyaya və Paris Sazişinə uyğun olaraq sammitin keçirilməsində inklüzivlik və şəffaflıq prinsiplərinə sadiqdir. Bu öhdəliyi irəli sürmək üçün Azərbaycan COP29-da iki sənəd təqdim edəcək”.