Kürəkçayın Çaykənd məntəqəsində suyun səviyyəsi 22 santimetr artıb

24
çay

İntensiv leysan yağışlar nəticəsində iyunun 10-da saat 17:20-dən 18:00-dək Daşkəsən rayonu ərazisindən keçən Gəncəçay-Alaxançallı məntəqəsində, saat 20:10-dan 20:30-dək Dəstəfurçay-Qaraqullar məntəqəsində və iyunun 10-da axşam Goranboy rayonunun ərazisindən keçən Gorançay-Yuxarı Ağcakənd məntəqəsindən sel keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 11-da Kiçik Qafqazın ərazisindən axan Kürəkçayın Çaykənd məntəqəsində suyun səviyyəsi 22, Gəncəçayın Zurnabad məntəqəsində 20 santimetr artıb. Zəyəmçayın Ağbaşlar məntəqəsində suyun səviyyəsi 5, Şəmkirçayın Qalakənd, o cümlədən Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayın Vaqo, Lənkərançayın Sifidor və Viləşçayın Şıxlar məntəqələrində 1 santimetr azalma qeydə alınıb. Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 13 santimetr artıb. Hazırda məntəqədə su sərfi 323 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 55 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 120 faiz çoxdur. Məntəqədə orta su sərfi iyunun 10-da saniyədə 295 kubmetr, maksimal su sərfi iyunun 10-u saat 20:00-da 302 kubmetr/saniyə təşkil edib.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 156 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 92 faizinə bərabərdir. Sululuq keçən il ilə müqayisədə 68 faiz çoxdur. Məntəqədə orta su sərfi iyunun 10-da saniyədə 159 kubmetr, maksimal su sərfi iyunun 10-u saat 08:00-da 159 kubmetr/saniyə təşkil edib.

Kür-Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr azalaraq 391 santimetr, su sərfi isə 147 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi iyunun 10-da 151 kubmetr/saniyə və maksimal su sərfi iyunun 10-u saat 08:00-da saniyədə 152 kubmetrə bərabər olub.

Kür-Şirvanda suyun səviyyəsi 6 santimetr azalaraq 181 santimetr təşkil edib. Məntəqədə orta səviyyə iyunun 10-da 185, maksimal səviyyə isə iyunun 10-u saat 08:00-da 187 santimetrə bərabər olub.

Kür-Bankədə suyun səviyyəsi 4 santimetr artaraq 115 santimetr, su sərfi 64,3 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi iyunun 10-da 51,9 kubmetr/saniyə, maksimal su sərfi iyunun 10-u saat 20:00-da saniyədə 59,3 kubmetr təşkil edib.

Əvvəlki məqaləHəkəri çayına iki min qızılxallı forel körpəsi buraxılıb
Növbəti məqalədəAğacların qurudulmasının qarşısı alınıb