Avqustun 23-də Qərbi Azərbaycan İcmasında “Yaşıl dünyada qadınların təhsili: dünəndən bu günə” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir zamanı bu il İrəvan Qızlar Gimnaziyasının yaradılmasından 140 il ötdüyü xatırladılıb. Bildirilib ki, İrəvanda fəaliyyət göstərən məktəblərdən biri də Müqəddəs Ripsime qızlar məktəbi idi. 1850-ci il yanvarın 2-də Qafqazın canişini Mixail Vorontsovun xanımı Yelizaveta Vorontsovanın təşəbbüsü və İrəvanda fəaliyyət göstərən Müqəddəs Nina Xeyriyyə Cəmiyyətinin idarə heyətinin qərarı ilə Müqəddəs Ripsime qadın məktəbi təsis edilib. 1884-cü il iyulun 9-da bu məktəb üçsinifli qadın progimnaziyasına çevrilmişdi. 1898-ci il mayın 30-da isə progimnaziya hazırlıq sinfi də təşkil edilməklə səkkizsinifli qadın gimnaziyasına çevrildi. Ödənişli olan bu məktəbdə imkanlı azərbaycanlıların qızları da təhsil alırdılar. Təkcə 1916–1918-ci illərdə Müqəddəs Ripsime gimnaziyasını 36 azərbaycanlı qız bitirmişdi. İrəvan quberniyasının 1914-cü ilə dair “Yaddaş kitabçası”nda göstərilir ki, bu gimnaziyada şəriət dərslərini və Azərbaycan dilini Haşım bəy Nərimanbəyov tədris edib.