Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyində qurumuş və qəzalı ağacların götürülməsi, tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, bu məqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın qorunması məqsədilə növbəti ictimai dinləmə keçirilib.
“Report” xəbər verir ki, dinləmədə Zaqatala şəhəri ərazisində, müxtəlif ünvanlarda yerləşən 51 ədəd müxtəlifcinsli qurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsi, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, 15 ünvanında “İnam-V” MMC tərəfindən inşası nəzərdə tutulmuş qeyri-yaşayış binasının tikinti layihəsi altına düşən aylant cinsli yaşıllıqların götürülməs, eləcə də Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazidə “CİTY LİFE” MMC tərəfindən inşası nəzərdə tutulan yaşayış kompleksinin tikinti layihəsi altına düşən aylant cinsli yaşıllıqların götürülməsi dair müzakirələr aparılıb.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərovun rəhbərliyi ilə keçirilən tədbirdə quru (arid) iqlim zonalarında yaşıllıqların keyfiyyətinin artırılması məsələsinin geniş müzakirəsi zamanı xüsusən Bakı şəhərinin küçə və prospektlərində, həmçinin istifadəsiz qalan ərazilərdə, insanlar tərəfindən planlı və plansız əkilmiş yaşıllıqlarla yanaşı, tullantıxanalarda qida qalıqları, yağıntı, qalxmış qrunt və kommunikasiyalardan sızan sulardan qidalanmaqla yaşayış məntəqəsinin estetik görkəmini pozan, bəzən tikinti və infrastruktur obyektlərinə zərər vuran, nizamsız inkişaf edən yabanı ayland cinsli yaşıllıqların müəyyənləşdirilməsi haqqında söz açılıb.
O bildirib ki, onlardan yararlı olanlarını məqsəduyğun istifadə etmək lazımdır:
“Yabanı ayland cinsli yaşıllıqları və ya digər plansız əkilmiş yaşıllıqları müəyyənləşdirməklə iş bitmir. Onlardan yararlı olanlarını qanunvericiliyə uyğun olaraq yerini dəyişdirilməklə və ya zərurət yarandığı halda götürülməsi əvəzində layihə, baş və müfəssəl planlara uyğun planlı əkilmiş yaşıllıq zolaqlarının tərkibində bərpa etmək lazımdır”.
Müzakirələrin sonunda adıçəkilən müraciətlərin rəyverilmə mərhələsində olduğu bildirilib.