Türkiyənin ayrı-ayrı bölgələrində meşə yanğınları baş verib.
AZƏRTAC xəbər verir ki, ölkənin İzmir vilayətinin Berqama rayonunda dünən başlayan yanğın ikinci günündə, Bursadakı yanğın isə həmin gün nəzarət altına alınıb. Hər iki bölgədə söndürülmə işləri aparılır.
Hazırda İzmir, Manisa, Balıkesir və Kütahya vilayətlərindəki meşəlik ərazilərdə alovlarla mübarizə davam edir.
İzmirin Berqama vilayətindəki yanğına müdaxilə üçün yola çıxan briqadaya aid nəqliyyat vasitəsi qəzaya uğrayıb. Hadisə zamanı xəsarət alan iki nəfərdən biri həlak olub.
İzmirin Qaziemir rayonunda baş verən yanğın isə şəhərin Adnan Menderes hava limanında təyyarələrin hərəkətinə maneələr törədib. İzmirə enməsi nəzərdə tutulan bəzi təyyarələr ən yaxın aeroportlara yönləndirilib.
Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı İzmir, Kütahya və Balıkesir vilayətlərində davam edən yanğınlarla bağlı açıqlama verib. Nazir bildirib ki, İzmirin Buca, Kütahyanın Gediz və Balıkesirin Altıeylül rayonlarında alovlarla mübarizə havadan və qurudan davam edir. Bu bölgələrə 14 təyyarə, 30 helikopter, 103 texnika və 647 nəfərdən ibarət canlı qüvvə cəlb olunub.
Xatırladaq ki, Türkiyə ərazisində hökm sürən anomal istilərlə bağlı ölkədəki meşəlik ərazilərə girişlər müvəqqəti dayandırılıb.