energetika nazirinin müavini Elnur Soltanov
energetika nazirinin müavini Elnur Soltanov

On doqquzuncu əsrin əvvəllərində dünyada böyük neft istehsalçısı kimi tanınan Azərbaycan 2000-ci illərdə iri təbii qaz ölkəsinə çevrilib. Hazırda isə “yaşıl enerji”yə keçid mərhələsinə başlanılıb və energetika sahəsində 2030-cu ilə qədər iki beşillik plan müəyyən edilib. Birinci strategiya 2022-2026-cı illər üçün nəzərdə tutulub. Yeri gəlmişkən onu da deyim ki, bütün elektrik enerjisi üzrə qoyuluş gücü Azərbaycan üzrə 8 min MVt-dan bir az artıqdır. 2030-cu ilə qədər qoyuluş gücündə yaşıl enerjinin payının 30 faizə çatdırılması məsələsi qarşımızda durur. Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə Qaradağda həyata keçirilən 230 MVt-lıq pilot layihəsinin istifadəyə verilməsi ilə bu, artıq 20 faizin üzərinə çıxdı. 2027-ci ildə 1870 MVt-ın əlavə olunması üzərində ciddi işlər gedir və real mərhələyə qədəm qoyulub. Hesablamalar göstərir ki, yaşıl mənbələrdən alınan elektrik enerjisinin 30 faizə çatdırılması tapşırığı 2030-cu ildə deyil, 2027-ci ildə yerinə yetirə biləcəyik və istehsal olunan enerjinin 30 faizi yox, 33 faizi yaşıl enerjinin payına düşəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov deyib.

O, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi barədə Sərəncamından irəli gələn vəzifələr barədə bəhs edərkən bildirib: “Dövlət başçısı işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. İki il əvvəl isə Qlazqoda keçirilən COP-26 konfransında həmin ərazilər xalis sıfır emissiya zonası elan edilib, yəni həmin torpaqlarda karbon dioksid qazının və digər istilik effekti yaradan qazların xalis emissiyasının sıfıra bərabər olacağı proqnozlaşdırılıb. Hazırda Qarabağ zonasında bu istiqamətdə layihələrin icrasına başlanılıb. Eyni zamanda Naxçıvan Muxtar Respublikası da yaşıl enerji zonasına əlavə edilib”.

Nazir müavinin dediyinə görə, hazırda təqribən 30 qiqavatlıq müxtəlif kateqoriyalı müqavilələr var və onların arasında anlaşma memorandumları da var. Uzunmüddətli perspektivdə həyata keçirilməyə başlanılan layihələr də həmin çərçivədədir. Xarici ölkələrə yaşıl enerji ixracı məsələsində də müəyyən plan və layihələr də var.

O, yaşıl enerji zonası elan edilən Qarabağda bu sahədə görülən işlər barədə də məlumat verib: “Hətta sovet vaxtı Qarabağ ərazisində elektrik istehlakı 100 MVt-a demək olar ki, çatmayıb. Hazırda həmin bölgədə 14 su elektrik stansiyası tikilib və ötən ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra 6 su elektrik enerjisi üzərində də nəzarət bərpa edilib. Sərsəng su anbarındakı stansiya daxil olmaqla təqribən 74 MVt-dan artıq güc yenidən ölkəmizin nəzarəti altına keçib. Bunların hamısını üst-üstə gələndə hazırda Qarabağda 170 MVt ətrafında yeni elektrik enerji gücünə sahibik. Bu il Prezident İlham Əliyevin tapşırığına əsasən daha 12 stansiya əlavə olunacaq və bu da yeni gücün 270 MVt-a çatması deməkdir. Bunun üzərinə İqtisadiyyat Nazirliyi tərəfindən 40 MVt-lıq 10 stansiyanın hərraca çıxarılması nəzərdə tutulur. Buraya Xudafərin və Qız qalası su elektrik stansiyalarını da əlavə etsək, yaxın perspektivdə ümumilikdə 500 MVt-lıq su elektrik stansiyası deməkdir”.

E.Soltanov daha sonra deyib: “Qarabağ ölkəmizdə su ehtiyatları baxımından ən zəngin bölgədir. Lakin bir şeyi də nəzərə almaq lazımdır ki, 500 MVt gücün heç də hamısından hər vaxt istifadə etmək olmur, çünki bu, suyun axını ilə bağlıdır. Lakin bütün hallarda 30 faizlik yüklənmə əmsalı ilə götürsək, Qarabağda 150 MVt-lıq daimi işləyən su potensialına malik olacağıq. Bu, təxminən 300 min ailənin elektrik enerjisini ödəmək üçün kifayət edir. Qarabağda istehlak olunan hər bir elektron avadanlıq yaşıl mənbələrdən təmin olunacaq. Başqa sözlə desək, təbii qazla işləyən elektrik stansiyası olmayacaq”.

Qeyd edək ki, Qaradağda istifadəyə verilən “Masdar” postsovet məkanında və Xəzər regionunda özəl investisiya hesabına ən böyük stansiyadır və ötən il dekabrın 30-da günəş panelləri ilə işləyən stansiya tam gücü ilə fəaliyyətə başlayıb.

Nazir müavini deyib: “Masdar” dünya səviyyəsində bir investordur və onun şərtləri beynəlxalq enerji qurumunun şərtlərindən demək olar ki, fərqlənmir. Həmin layihələr zamanı şirkətlər adətən 70 faizə qədər krediti dünya banklarından alırlar. Həm də həmin bankların istər ekoloji, istərsə də təhlükəsizlik şərtləri həddindən artıq sərt olur. Stansiyanın istifadə verilməsi bütün dünyaya və investorlara nümayiş etdirdi ki, Azərbaycanda ən böyük layihələri həyata keçirmək mümkündür. Həmin layihə nəticəsində Azərbaycan hər il 100 milyon kubmetr qaza qənaət edəcək. Bu, Naxçıvanın illik istehlakının üçdəbirinə bərabərdir. Qənaət edilən qaz həm daxili istehlaka, həm də ixraca yönəldiləcək”.

Nazir müavini bu il Azərbaycanda keçiriləcək BMT çərçivəsində ən mötəbər tədbirlərdən biri olan COP29 platforması barədə danışarkən bunları qeyd edib: “İlk növbədə onu deyim ki, başqa heç bir platforma bu qədər ciddi əhəmiyyətə malik deyil. Burada iki əsas maraq toqquşması mövcuddur. Onun biri neft və qaz istehsal edən ölkələrlə daha çox istehlakçı olan ölkələr arasındakı maraqların qarşılaşmasıdır. İkinci maraq toqquşması ondan ibarətdir ki, inkişaf etməyən ölkələr haqlı olaraq iddia edirlər ki, dünyanın indiki hala gəlməsində onlar özlərini günahkar hesab etmirlər. Hazırda yaşıllaşdırma sahəsində atılan addımların maliyyələşməsi kifayət qədər böyükdür. Həmin ölkələr dünyadakı çirklənmənin onların günahı üzündən baş vermədiyi üçün maliyyəni öz üzərilərinə götürmək istəmədiklərini, bunun üçün dünyanı çirkləndirən inkişaf etmiş ölkələrin vəsait ayırmalı olduğunu ifadə edirlər. Azərbaycanın mövqeyi bu iki debatın tən ortasındadır. Həm Qoşulmama Hərəkatında ölkəmizin tutduğu mövqe gəliri yüksək olan və gəliri az olan ölkələrin ortasına yer almağa, həm də neft istehsal edən və neft istehlak edən ölkələr arasında debatda tam orta mövqe tutmasına səbəb olur. Azərbaycan bu mövqedən maksimum dərəcədə istifadə etməlidir. Əlbəttə, birinci növbədə məqsəd xalqımızın maraqlarına xidmət edən addımların atılmasıdır. Çox müsbət haldır ki, həmin addımların atılması dünyanın yaşıllaşmasına və xilas olmasına töhfə verəcək”.

Əvvəlki məqaləSamir Dübəndi: İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq
Növbəti məqalədə“COP29 ərəfəsində imkanlar və çağırışlar, turizm sənayesindən gözləntilər” – Növbəti panel