ceyran

Ceyranların mühafizəsi, tarixi areallarının bərpası, reintroduksiyası, populyasiyalarının formalaşmasına töhfə verilməsi məqsədilə növbəti dəfə Acınohur düzünün Qax Dövlət Təbiət Yasaqlığına aid ərazisinə ceyranların buraxılması həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF), Qax rayon İcra Hakimiyyətinin nümayəndələrinin, ETSN yanında İctimai Şuranın üzvlərinin və ekokönüllülərin iştirakı ilə 8 baş ceyran təbiətə buraxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Arzu Babayeva AZƏRTAC-a bildirib ki, ötən dövr ərzində 370 baş ceyran ölkənin müxtəlif məkanlarına, tarixən ceyranların yaşadıqları ərazilərə reintroduksiya olunub. Elə Acınohur çöllərinə gətirilən ceyranlar da qısa müddətdə əraziyə uyğunlaşır.

Diqqəti cəlb edən maraqlı məqamlardan biri də ölkəmizin müxtəlif ali məktəblərində təhsil alan tələbə-könüllülərə ceyranların təbiətə buraxılma anını izləməsinə şəraitin yaradılmasıdır. Gələcəyin ekoloqları olan tələbələr bu tarixi anlara şahidlik etməkdən qürur duyduqlarını və gələcək həyatlarında mühüm hadisə kimi qalacağını bildirirlər.

Qax Dövlət Təbiət Yasaqlığının Acınohur çölü və Axar-baxar ərazisinə ceyranların köçürülmə prosesi başa çatandan sonra iştirakçılar ağacəkmə aksiyasına da qatılıblar. Axar-baxar yaylasında müxtəlif növ ağaclar əkilərək, qulluq göstərilib.

Əvvəlki məqaləYeni Zelandiya buzlaqları yox olmaq ərəfəsindədir
Növbəti məqalədəGəncə Yaşıl İqtisadiyyat Forumunun keçirilməsinə dair anlaşma memorandumu imzalanıb