milli park

3 mart – Ümumdünya Vəhşi Təbiət Günündə ölkəmizdə hər il müxtəlif tədbirlər həyata keçirilir. Bu il də milli parklarımızda “Açıq qapı” günü keçiriləcək. Ümumiyyətlə, günün təsis edilməsində əsas məqsəd bütün bəşəriyyətin cəmiyyətin müxtəlif təbəqələrinin təbiətə qayğı hissinin gücləndirilməsi, insanlarda təbiətə qarşı duyarlılığın artırılması, bioloji növ müxtəlifliyinin, yəni bitkilərin, heyvanların mühafizəsi, onların gələcək nəsillərə çatdırılmasının təmin edilməsi əhəmiyyəti daşıyır. Hər il həmin tarix müxtəlif devizlər altında qeyd edilir. Bu il Ümumdünya Vəhşi Təbiət Günündə məhz “İnsanlar və Planetlər birləşməklə vəhşi təbiətin qorunmasında rəqəmsal innovasiyaların tədqiqi” devizi altında silsilə tədbirlər həyata keçiriləcək. Bu il həmin gün həftənin bazar gününə təsadüf etdiyindən təbiət qoynunda asudə vaxt keçirmək istəyənlər daha çox olacaq. Bu baxımdan hər kəsi milli parklara səfər etməyə, onların zəngin təbii landşaftları və özünəməxsus ekosistemləri ilə tanış olmağa dəvət edirik.

Bunu AZƏRTAC-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva deyib.

“Abşeron yarımadasından tutmuş ölkənin dağlıq, sulu-bataqlıq ekosistemlərini əhatə edən milli parkların hər birinin yaradılmasının özünün mahiyyəti var. Belə ki, Bakı şəhərinə yaxın olan Abşeron Milli Parkı Xəzər suitisinin mühafizəsi məqsədilə yaradılıb, Ağgöl və Qızılağac Milli parkları nadir və nəsli kəsilməkdə olan quş növlərinin yayıldığı areallardır. Həmçinin beynəlxalq əhəmiyyətli ornitoloji ərazilər hesab olunur. Hirkan Milli Parkı bəbir, eləcə də digər nadir növlərin mühafizəsi məqsədilə yaradılıb. Qafqazın ən böyük milli parkı olan Şahdağ Milli Parkı altı rayonun inzibati ərazisini əhatə etməklə bir çox nadir növlərin mühafizəsi məqsədilə təsis edilib. Bura həm bitki, həm də heyvan növləri daxildir. Göygöl Milli Parkının yaradılmasında əsas məqsəd dağ-göl ekosisteminin mühafizəsidir. Bu, o deməkdir ki, unikal landşaftları əhatə edən həmin milli parkların hər birinin özünəməxsus heyvan və bitki aləmi var. Hər biri də ekoloji turizmi özündə ehtiva etməklə maarifləndirmə və həmçinin həmin növlərin gələcək nəsillərə çatdırılmasının təmin olunması üçün mühüm rola malikdir”, – deyə A.Babayeva bildirib.

Əvvəlki məqaləKarbon qazı ilə qlobal çirklənmə rekord həddə çatıb
Növbəti məqalədəXarici və daxili mühit havasının çirklənməsi astma və allergik xəstəliklərin yayılmasını artırır