Avtoyuma məntəqələri

BMT-nin hesablamalarına görə, dünyanın yarıdan çox hissəsi su çatışmazlığından əziyyət çəkir və həmin göstəricinin 2025-ci ilə qədər daha da artacağı proqnozlaşdırılır. Dünya əhalisinin 40 faizinin yaşadığı 80 ölkə su çatışmazlığı problemi ilə üz-üzədir. Hazırda davam edən qlobal istiləşmə və quraqlığın artması mövcud problemi daha da kəskinləşdirir. Son 150 ildə dünyada orta iqlim temperaturu 0,8-1,2 dərəcə artıb. Bu isə o deməkdir ki, təhlükənin miqyası getdikcə böyüyür. Beynəlxalq ekoloji və iqtisadi araşdırma mərkəzlərinin proqnozuna əsasən, Yer kürəsi əhalisini qlobal quraqlıq və kəskin su çatışmazlığı kimi böyük bir sınaq gözləyir. Hazırda ölkəmizin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu rəqəm 20-21 kubkilometrə qədər azalır.

Bütün bunlar Azərbaycanda da suya qənaət məsələsini aktual edir. Lakin ölkədə, xüsusən Bakı, Sumqayıt, Gəncə şəhərləri, eləcə də Abşeron rayonu ərazisində yerləşən avtoyuma məntəqələrində içməli sudan istifadə israfçılığa gətirib çıxarır.

Milli Məclisin deputatı, Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov
Milli Məclisin deputatı, Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verən Milli Məclisin deputatı, Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, bu gün Azərbaycan çox azsulu ölkələr siyahısındadır. Qarşıda dünyada, o cümlədən də Azərbaycanda su resurslarının azalması gözlənilir. Doğrudur, Azərbaycan regionda çox azsulu ölkədir. Bizim ərazilərimizdə formalaşan suyun həcmi Ermənistan və Gürcüstandakından müvafiq olaraq 3 və 6 dəfə azdır. Toplanan suyun böyük həcmi isə transsərhəd çaylar hesabına formalaşır.

“Prezident İlham Əliyev vaxtında Taxtakörpü su anbarının tikilməsi ilə bağlı Sərəncam verdi. Taxtakörpü su anbarı olmasaydı, bu gün xüsusilə Bakı susuzluqdan çox əziyyət çəkərdi. Çox təəssüflər olsun ki, dövlətin vəsaiti hesabına, böyük və ağır iş şəraitində çəkilmiş həmin su anbarından istifadə edərək Bakıya çatdırılan su avtoyuma məntəqələrində, bəzən ağacların suvarılmasında bu və ya digər formada sərf olunur. Söhbət onun maliyyə tutumundan getmir. Su resurslarının özünün tükəndiyini nəzərə alsaq, bu, doğru yanaşma deyil. Təbii ki, bunu aradan qaldırmaq üçün yollar var. Birincisi, suyun özünün təkrar istehsalı ilə məşğul olmaq mümkündür. Avtoyuma məntəqələrində texniki sular istifadə edilə bilər. Texniki su, yağış suyunun yuyulması və suyun təmizlənməsi yolu ilə əldə edilə bilər. Bu kimi məsələlərə baxılmaqla sudan istifadənin düzgün tətbiq edilməsinə nail olmaq olar”, – deyə deputat əlavə edib.

İşğaldan azad olunmuş ərazilərimizdə formalaşan su resurslarının artıq bizim nəzarətimizdə olduğunu diqqətə çatdıran Sadiq Qurbanov deyib: “Biz oradan istifadə edirik. Sərsəng su anbarı artıq bir neçə rayonumuzun su təsərrüfatını yaxşılaşdıracaq. Həkəri çayı bizdə formalaşır. O, böyük sahələrin suvarılmasında, eyni zamanda, yaşıl iqtisadiyyatın formalaşmasında xüsusi rol oynayacaq. Amma bununla yanaşı, sudan doğru-düzgün istifadə edilməməsi gələcəkdə biz də problemlər yarada bilər. Prezident İlham Əliyev gələcəkdə yarana biləcək su qıtlığının Azərbaycana mənfi təsirinin olmaması üçün dəniz suyunun duzsuzlaşdırılması, eyni zamanda, Qəbələdə yeni su anbarının tikilməsi ilə bağlı da Sərəncam imzalayıb. Ona görə də vətəndaşlar da dövlətin apardığı siyasətə adekvat münasibət göstərməlidir. Bu münasibətin formalaşmasında isə əhalinin ekoloji məsələlərlə bağlı maarifləndirilməsi əsas rol oynayır. Hesab edirəm ki, bununla bağlı ciddi işlər görülməli, yağış suyunun yığılması məsələsinə baxılmalıdır. Həmçinin texniki su ilə içməli suyun qiyməti arasında fərq olmalıdır. Biz bunu dəfələrlə parlamentdə qaldırmışıq”.

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov
Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov AZƏRTAC-la bildirib ki, Bakıda və ölkənin digər iri şəhərlərində təmiz suya çıxışın getdikcə azalması baş verir. Bu, bir tərəfdən qlobal iqlim dəyişmələrinin təsiri, digər tərəfdən isə su israfının nəticəsidir.

“Çox təəssüflər olsun ki, belə bir vaxtda Bakının əksər avtoyuma məntəqələrində çox qiymətli içməli sudan istifadə olunur. Doğrudur, bu avtoyuma məntəqələri suyun ödənişini edirlər, amma bir şeyin ödənişini edib onu israf etmək heç də həmin məsələyə haqq qazandırmır. Ümumiyyətlə 150-200 litrə qədər su avtomobil yuyulmasında istifadə edilir. Bu tip yumalar zamanı suyun təxminən 50 faizə qədəri israf olunur. Daha müasir yuma metodlarından istifadə etməklə su istifadəsini azaltmaq olar. Eyni zamanda, hər bir avtoyuma məntəqəsi bir dəfə yox, bu sudan ən azı iki dəfə istifadə edə bilər. Yəni, ilkin olaraq çirklənən suyu kənarlaşdırmaq olar. Amma ikinci yumada istifadə olunan suyu yenidən maşınların yuyulmasına sərf etmək olar. Bu, həm bizim avtoyuma məntəqələrində su israfını, həm də kiçik sahibkarların aylıq xərclərinin azalmasına imkan verər”, – deyə mütəxəssis əlavə edib.

Əvvəlki məqaləAğsuda qanunsuz yolla kömür istehsal edən quyular aşkarlanıb
Növbəti məqalədəQubada qanunsuz kömür quyusu aşkarlanıb