"Yaşıl dünya naminə həmrəylik ili”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Sərəncamda qeyd edilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

“Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Ümdə məsələlərdən biri azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsidir. “Ağıllı kənd”, “ağıllı şəhər” kimi müasir innovasiyalı layihələrin tətbiq edilməsi ekosistemə yeni yanaşmadır.

İnsanların “yaşıl ciyər”i – ağac, yarpaq, torpaq-bitki örtüyü və ondan alınan rənglərlə, naxışlarla nənələrimizin, analarımızın, qız-gəlinlərimizin ismət, abır-həya rəmzi, milli baş örpəyimiz kəlağayı, onun istehsal prosesi arasında uyğunluqlar, paralellər aparanda aydın olur ki, maddi və mənəvi sərvətlərimiz insanlığın xidmətindədir.

Ana təbiət və min illərin yadigarı kəlağayımız həyat tərzimizlə bir harmoniya təşkil edir. Kəlağayı təbiətin, mənəviyyatımızın, adət-ənənələrimizin ayrılmaz bir hissəsinə çevrilib. Kəlağayının al-əlvan rəngləri, üzərinə vurulan naxış və ornamentlər buna əyani sübutdur. Kəlağayı keçmişimizlə bu günümüz arasında zərif ipək körpüdür. Milli kimliyimizi təcəssüm etdirən hər naxış, ornament tariximizi, milli ruhumuzu yaşadan tarixi yaddaşdır. Bu naxışlarda bitki mənşəli (nəbati) elementlərə daha çox üstünlük verilir. Azərbaycan təbiətinin rəngarəngliyi, yaşıl dünyamızın müxtəlifliyi kəlağayı üzərinə elə həkk olunub ki, onun miili baş örpəyimiz olmasına şübhə yeri qoymur. Bütöv Türk dünyası üçün kəlağayı nədir?

Əvvəli tut yarpağı, baramadı, ipəkdi,
Sonu əlvan naxışlı bir müqəddəs örpəkdi.

Nənələrin öyüdü, saf niyyətdi, məsləkdi – Kəlağayı.

Yaşıl dünyanı əks etdirən kəlağayı naxışlarının rəng və məna dünyası xalqın min illərdən bəri gələn dünyagörüşünü özündə əks etdirir. Nar, nar çiçəyi, alça çiçəyi, qoz ağacı, zirinc, zoğal, meynə, qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, süsən, sünbül, dağlar, müxtəlif ağacların yarpaqları qədim və indiki kəlağayıların naxış elementləri kimi xalqın fəlsəfi dünyasından xəbər verir. Nar elementi həyatın müjdəçisidir, nar çiçəyi rəngi xalqımızın ən sevimli rəngidir. Qızılgülün özü və rəngi hər bir qadın üçün sevgi, xoşbəxt həyat başlanğıcı anlamını daşıyır, toy, nişan mərasimlərinin yaraşığıdır. Xalqımızın fəlsəfi düşüncəsinə görə, qırmızı kəlağayı həm də ailə ocağının və xoşbəxtliyin sayıq qoruyucusudur.

Ulu babalarımızın düşüncəsinə görə, ağacı çox olan kəndin qəbri az olar. Təmiz ipəkdən hazırlanan kəlağayılar da, yaşıl dünyamız kimi ən şəfqətli loğmandır. Xanımlarımızı qışda soyuqdan, yayda qızmar istidən qoruyur, həm də boyun və baş ağrılarını aradan götürür. Miqren və osteoxondroz zamanı müalicə effektinə malikdir. Kəlağayı dəriyə qulluq edir, orqanizmi mikroblardan qoruyur.

44 günlük ikinci Vətən Müharibəsində qazanılan Zəfərin atributlarından biri də Xarıbülbüldür. Şuşada, Cıdır düzündə bitən məşhur Xarıbülbül çiçəyi də bir qərinə işğal altında olan, otuz il gözləri yollarda qalıb doğmalarının yolunu gözləyən yurd yerlərimiz kimi sevindi. Bu da yaşıl dünyamız ilə kəlağayının vəhdətinə bir sübutdur. Bülbüllə çiçəyin qol-boyun olmasından dünyaya gələn Xarıbülbül artıq azadlıq, qələbə, zəfər çiçəyidir. Həm də şanlı tariximizin şahididir. Qarabağı, Zəfər tarixini, bütövlüyümüzü yaşadır.

Tarixə qısa ekskurs edək. 2003-cü ildə “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli proqram” qəbul olunmuşdur. Milliliyn inkişaf məqsədlərindən biri olan ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət proqramına uyğun olaraq davamlı inkişaf prinsipləri dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirilir. Bu istiqamətdə çirklənmiş ərazilərin bərpası, meşə ilə örtülü ərazilərin artırılması, bitki və heyvanat aləminin qorunması, quru ərazilərdə torpaqların münbitləşdirilərək yaşıllaşdırılması, Xəzər dənizin sahillərinin, sularının, canlı aləminin mühafizəsi, iqlim dəyişikliklərinin zərərli təsirlərinin azaldılması başlıca fəaliyyət proqramı kimi həmişə diqqət mərkəzindədir.

Təmizləmə qurğularının quraşdırılmasına, neft və qaz hasilatı idarələrinin istismar etdikləri mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsinə və yaşıllaşdırılmasına böyük həcmdə vəsaitlər ayrılmış, ekoloji layihələr həyata keçirilmişdir.

Vətənimizin iqtisadi potensialı artdıqca ekoloji məsələlərin həllinə diqqət artırılır. 2010-cu il bu məqsədlə “Ekologiya ili” elan olunmuşdur. Bundan sonrakı illərdə də böyük miqyasda ekoloji problemlərin həllinə yönələn müxtəlif tədbirlər həyata keçirilmişdir. Cənubi Qafqazda Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzi ilk olaraq Azərbaycanda yaradılıb.

Azərbaycan Xəzəryanı ölkələr arasında yeganə dövlətdir ki, dənizin və onun su hövzəsinin və sahillərinin çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirlər həyata keçirir.

“Ekologiya ili” çərçivəsində və sonrakı illərdə ölkəmizdə milyonlarla ağac əkilməsi, yeni parkların salınması və dövlət başçısının özünün və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu kompaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisidir. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən biridir.

Müstəqillik illərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi insan həyatı üçün əvəzsiz təbii nemətlərin, meşə ehtiyatlarının, canlı aləmin mühafizəsi həmişə bu sahənin prioritet məsələləri olub.

“İDEA” (“Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq” İctimai Birliyi) 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədsi ətraf mühit məsələləri və fəaliyyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün realizə üsullarını tapmaqdır. Burada diqqətçəkən məsələ ondan ibarətdir ki, hər bir layihə gənc nəslin təşəbbüsü, iştirakı və rəhbərliyi ilə gerçəkləşir.
Ölkəmizdə meşələrin ümümi sahəsi 1214 min hektardır ki, bu ümumi ərazinin 11,8 faizinə bərabərdir. Hər adambaşına təqribən 0,12 hektar meşə sahəsi düşür. Bu ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə azdır. Ümumdünya miqyasında bu rəqəm 0,48 hektardır. Belə məlum olur ki, Azərbaycan meşə ehtiyatları az olan azmeşəli ölkələr sırasındadır. Meşələrin qorunması, yeni meşələrin salınması xalqımızın sağlamlığının qorunması üçün əsas amillərdəndir. Meşə oksigen istehsal edən yaşıl və canlı laboratoriyadır. Bir çox ölkələrdə meşələri “yaşıl ciyər”, yaxud, “ağ ciyər” adlandırırlar.

Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıb. 2019-cu ilin noyabr ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ölkəmizdə ekologiyanın sağlamlaşması üçün görülən işlərin davamlı olduğuna bariz nümunədir.

Kəlağayının təbliğində, tanıdılmasında Mehriban xanım Əliyevanın xidməti misilsizdir. 24-28 noyabr 2014-cü ildə Parisdə keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən milli baş örtüyümüz artıq Vətənimizdən xaricdə də tanınır. Bu qürurverici, Vətənim üçün önəmli hadisə mənim kəlağayı sevgimə yeni sevgi əlavə etdi və 2022-ci ildə 26 noyabr “Azərbaycan Kəlağayısı Günü” ərəfəsində yaratdığım şəxsi “Kəlağayı Muzeyi”nin açılışı oldu. Açılışda Azərbaycan ziyalısı ilə bərabər, Özbəkistandan gələn 15 elm adamı da iştirak etdi. Hər özbək qonağa Azərbaycan kəlağayısı hədiyyə etdim. Muzeydə 200-dən çox kəlağayı, 200-ə yaxın əntiq əşyalar, 100-dən çox toxuduğum əl işim, rənggarlıq əsərləri, unikal portret kəlağayılar nümayiş etdirilir.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirdiyimiz və keçirəcəyimiz müxtəlif tədbirlərdə kəlağayımızın, saz, söz sənətinin tanıdılması və təbliği ilə yanaşı, toxuma əl işlərimlə yaşıl dünyamızın ekoloji vəziyyətini təqdim etməyi qarşıma məqsəd qoymuşam.

Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarını təmin etmək naminə təbii ehtiyatlardan səmərəli istifadə etməkdir. Ulu Öndər Heydər Əliyevin ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, görülən işlər ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yeni uğurların əldə olunmasına təkan vermişdir.

İnsan doğulan andan təbiətlə sıx əlaqədə olur. Nəfəs aldığı hava, qidalandığı məhsullar ekoloji cəhətdən sağlam, qidamızın mənbəyi torpaq-bitki örtüyü münbit olmasa, cəmiyyətin əsasını təşkil insan sağlam yaşaya bilməz, səmərəli fəaliyyət göstərmək imkanı əldə etməz. Bir sözlə, insan, təbiət və cəmiyyət üçlüyünü bir-birindən ayrı təsəvvür etmək mümkün deyil.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi olaraq biz də insanlığa xidmət edən dövlət tədbirlərindən, dövlət siyasətimizdən kənarda qala bilmərik. 2024-cü ildə – “Yaşıl dünya naminə həmrəylik ili”ndə bizim İctimai Birliyimiz də müxtəlif təbirlərdə, işlərdə yaxından iştirak etməyi planlaşdırır. Bu niyyətlə Azərbaycan təbiətini, təbii ehtiyatlarına qayğını təbliğ edən müxtəlif sərgilərdə və tədbirlərdə yaxından iştirak etmək niyyətindəyik. Belə sərgilərdə toxuma əl işlərimizi nümayiş etdirmək istəyirik. Bu əl işlərimizdə zəngin təbiətli Azərbaycanın gül-çiçəkli çəmənlərini, başı qarlı dağlarını, yaşıl yamaclarını, Xarıbülbüllü Şuşamızı təsvir etməyə çalışacağıq. Bunlar çağdaş zamanımızda gənc nəslin vətənpərvərlik ruhunda, torpaq, yurd sevgisi ilə böyüməsinə, əsl vətəndaş kimi tərbiyəsinə İstimai Birliyimizin töhfəsi olar. İnanırıq ki, müvafiq nazirliklər, hökumət təşkilatları bizim çağırışımıza müsbət reaksiya verəcək, əlbir fəaliyyətimizə şərait yaradacaqdır.

Yaşıl dünya həyatın təməlidir. Yaşıl dünyamızın övladı ipək də həyat, sevgi rəmzidir. Dünyamızı, insanlığı sevgi xilas edəcək. Həyat yaşıllığındır, yaşıllığı qoruyun, yaşıllıq – yaxşılıqdır, yaxşılığı qoruyun! Müdrik babalarımızın bu öyüdü, nəsihəti çağdaş zamanımızda daha aktualdır.

Güllü Eldar Tomarlı
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri,
Şəxsi “Kəlağayı Muzeyi”nin direktoru

Əvvəlki məqaləBakıda Novruz bayramı ilə əlaqədar ümumşəhər iməciliyi keçiriləcək
Növbəti məqalədəİtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi elçisi: COP29 inklüzivlik və iddialı həllər üçün istiqamətdir