“Səma və Eko” Sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənova
“Səma və Eko” Sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənova

Bu ilin Azərbaycanda ekoloji fəaliyyətin daha da aktivləşəcəyi il olacaq desək, yəqin ki, yanılmarıq. Belə ki, bu il ölkə başçısının müvafiq Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib, həm də nüfuzlu tədbir olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 ölkəmizdə keçiriləcək. Hər iki mühüm hadisə Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində görüləcək işlərin daha da sürətləndirilməsinə sövq edir.

Bunu AZƏRTAC-a müsahibəsində “Səma və Eko” Sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması, iqlim dəyişmələri ilə mübarizə istiqamətində görülən tədbirlərdən danışan təşkilat sədri bunun bariz nümunəsinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının, eləcə də Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası elan edilməsi olduğunu deyib: “Təxminən otuz il ərzində işğal altında qalan torpaqlarımızda törədilən vandallıq aktları hər birimizi dəhşətə gətirsə də, həmin ərazilərə yenidən həyat vermək istəyimizi öldürmədi. Ərazilər minalardan təmizləndikcə o torpaqların biomüxtəlifliyinin bərpası, təbiətinin dirçəlməsi üçün müxtəlif aksiyalar, layihələr həyata keçirilir. Barbarların törətdiyi vəhşiliyə susan dünya dövlətlərinin diqqətini Azərbaycanın ətraf mühiti məhv olmuş əraziləri yenidən canlandırmaq uğrunda mübarizəsi cəlb etdi. “Yaşıl enerji zonası” elan edilən Qarabağ və Şərqi Zəngəzur 2050-ci ilədək “netto sıfır emissiya zonası”na çevriləcək. Ölkəmizdə ildən-ilə sürətlənən və miqyası genişlənən ətraf mühitin mühafizəsi tədbirlərinə Qarabağ və Şərqi Zəngəzurda addım-addım aparılan bərpa layihə və aksiyaları ilə dəstək verilməsinin nəticəsidir ki, COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinə qərar verildi. Bu, həm də Azərbaycanın, Prezident İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir. Dövlətimiz üçün böyük əhəmiyyət kəsb edən həmin tədbirin də digər beynəlxalq konfrans və sammitlər kimi uğurla təşkil ediləcəyinə şübhə yoxdur. Sadəcə olaraq bu il hər bir qurum, hər bir vətəndaşdan ətraf mühitə qarşı daha duyarlı olmağı, ekoloji əhəmiyyətə malik olan bu dönəmi ölkəmizin gələcəyi naminə maksimum dərəcədə qiymətləndirməyi, görülən işlərin səmərəsini artırmağı tələb edir.

Ümid edirəm ki, bu il Azərbaycan qlobal iqlim dəyişmələri ilə mübarizəyə mühüm töhfələr və digər ölkələrə nümunə olacaq addımlarla yadda qalacaq”.

Əvvəlki məqaləƏn çox yağıntı Cənub bölgəsində müşahidə olunur, Lənkəranda qarın hündürlüyü 52 sm-ə çatır
Növbəti məqalədəAğsuda qanunsuz ov edən şəxslər müəyyən olunub