Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin tarixi qədim “İpək Yolu”na qədər uzanır. Azərbaycanın müstəqilliyinin 1991-ci il dekabrın 27-də Çin tərəfindən tanınması və 1992-ci il aprelin 2-də ikitərəfli diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Çin münasibətlərinin intensivləşməsinə təsir göstərən ən mühüm faktorlardan biri iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri və maraq kəsb edən məsələlər üzrə əldə edilən razılaşmalardır. Dövlət başçıları səviyyəsində 1994-cü il martın 7-10-da Ümumilli Lider Heydər Əliyevin, 2005-ci il martın 17-19-da isə Prezident İlham Əliyevin Çinə rəsmi səfərini xüsusi qeyd etmək lazımdır. Hər iki səfər ölkələr arasında dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşmasında mühüm rol oynayıb və Çin-Azərbaycan birgə bəyanatının qəbul edilməsi ilə nəticələnib. Bununla yanaşı, hökumət, parlament rəhbərləri, nazirlər və digər rəsmilər səviyyəsində də iki ölkə arasında qarşılıqlı səfərlər olub.
Azərbaycan-Çin dövlətlərarası münasibətlərində iqtisadi aspekt ön plandadır. Ümumən məlumdur ki, Çinin xarici siyasəti daha çox ölkənin iqtisadi maraqlarını qlobal miqyasda təmin etməyə yönəlib. 2013-cü ildə irəli sürülən məşhur “Bir kəmər, bir yol” təşəbbüsü də bu çərçivədə qiymətləndirilməlidir. Azərbaycanın “Bir kəmər, bir yol” layihəsinə verdiyi önəm 2017-ci ilin oktyabrında “Bakı-Tbilisi-Qars” dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Çin hökuməti “Bakı-Tbilisi-Qars” dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də, “Bir kəmər, bir yol” layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Həmçinin Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Bu memorandum iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün istiqamətlər müəyyən edib.
Bu gün Azərbaycan Çin ilə ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət verir və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır. İki ölkə arasında mövcud fəal siyasi dialoq nəticəsində energetika, iqtisadi-ticari, rabitə-kommunikasiya, nəqliyyat-logistika, turizm və humanitar sahələrdə ciddi nailiyyətlər əldə edilir, iki ölkə arasında əməkdaşlığın səviyyəsi genişlənir, münasibətlər yüksələn xətlə inkişaf edir. Çin Azərbaycanla əlaqələrə xüsusi maraq göstərən ən fəal dövlətlərdən biridir və onun ölkəmizə, Xəzər hövzəsinə marağı təbii qarşılanır. Çünki son illər ərzində sürətlə inkişaf edən Çin üçün xammal və enerji mənbələri xüsusi əhəmiyyət daşıyır. Zəngin karbohidrogen ehtiyatlarına malik olan, eyni zamanda, strateji nəqliyyat-tranzit qovşağına çevrilən Azərbaycanla əlaqələrin daha da genişləndirilməsi rəsmi Pekinin xüsusi maraq dairəsindədir.
Azərbaycan iqtisadiyyatının lokomotivi olan neft sektoruna Çin şirkətləri böyük maraq göstərir. 2018-ci ildə SOCAR-la Çin Milli Neft Şirkətinin (CNPC) törəməsi olan “BGP Inc.” şirkəti arasında birgə müəssisənin yaradılmasına dair Təsis Müqaviləsi imzalanıb. BGP-nin əsas fəaliyyət sahələrinə quruda, keçid zonasında və dənizdə kəşfiyyat işlərinin aparılması, o cümlədən mürəkkəb əməliyyatlar aparmaqla seysmik məlumatların əldə edilməsi, emalı və interpretasiyası, seysmik avadanlıqların istehsalı və əlaqədar informasiya-kommunikasiya texnologiyaları (İKT) xidmətlərinin göstərilməsi daxildir. SOCAR və CNPC arasında 2016-cı ildə bu sahədə Anlaşma Memorandumu imzalanıb.
Azərbaycanla Çinin iqtisadi əlaqələrinin dinamikasına təsir göstərən mühüm amillərdən biri də energetika sahəsində səmərəli əməkdaşlıqların qurulmasıdır. Ötən il iyunun 1-də Energetika Nazirliyi ilə Çinin “China Gezhouba Group Overseas Investment” şirkəti arasında Azərbaycanda 2 qiqavat gücündə bərpaolunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. İmzalanmış memorandum Azərbaycanda sənaye miqyaslı günəş enerjisi, quruda və dənizdə külək enerjisi, enerji saxlama və inteqrasiya olunmuş ağıllı enerji sistemləri, həmçinin yaşıl hidrogen istehsalı layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi üzrə əməkdaşlığı ehtiva edir. Sənəd, həmçinin şirkət tərəfindən layihələrin şəbəkəyə qoşulma imkanlarının tədqiqi, ətraf mühitə təsirin qiymətləndirilməsi, geoloji və topoqrafik tədqiqatların aparılmasını nəzərdə tutur.
Ölkəmiz enerji sahəsində Çin şirkətləri ilə yaşıl enerji layihələri və yaşıl texnologiyalar üzrə əməkdaşlıqlarda yeni inkişaf mərhələsinə daxil olub. Bu xüsusda, 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında və 2025-ci ildə Mingəçevir şəhərində fəaliyyətə başlayacaq müstəqillik dövrünün ən böyük – 1280 meqavat gücündəki İstilik Elektrik Stansiyasının tikintisində Çinin “Dongfang” şirkətinin iştirakını qeyd etmək lazımdır.
Həmçinin ötən il oktyabrın 17-də elektrik enerjisi, neft-qaz, neft-kimya və bərpaolunan enerji sahələrində əməkdaşlığın inkişafı və enerji layihələrinə investisiyanın təşviqi məqsədilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd hər iki ölkənin energetika sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsini, yeni texnologiyaların tətbiqi, enerji infrastrukturunun yenilənməsi üzrə əməkdaşlığı, qarşılıqlı investisiya və biznes fəaliyyətlərinin təşviqini, bərpaolunan enerji mənbələri sahəsində təcrübə mübadiləsini, həmçinin birgə konfrans, forum və təlimlərin keçirilməsini nəzərdə tutur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili mövzu ilə bağlı AZƏRTAC-a şərhində bildirib ki, Azərbaycan regionda bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olması ilə fərqlənir. O qeyd edib ki, ümumilikdə Azərbaycanın bərpaolunan enerji mənbələrinin potensialı quru və dənizdəki resurslar nəzərə alındıqda 300 qiqavat həcmində qiymətləndirilir. Bu mənbələrin içərisində külək və günəş enerjisi, bioenerji və dağ çaylarının potensialı xüsusi həcmə malikdir: “Ölkəmiz əsasən qlobal ticarət sferasında ənənəvi enerji resursları ixracatçısı kimi tanınır, lakin son illərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu iqtisadi və enerji təhlükəsizliyi siyasəti nəticəsində bərpaolunan enerji mənbələrinin iqtisadiyyatda rolunun artırılması istiqamətində böyük həcmli layihələr həyata keçirilib. Şübhəsiz, Prezident İlham Əliyev tərəfindən 2021-ci il 2 fevral tarixli Sərəncamla təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi, bərpaolunan enerji mənbələrindən istifadənin genişlənməsi və ölkəmizin yaşıl artım ölkəsinə çevrilməsi istiqamətində əsas yol xəritəsinə çevirib. Eyni zamanda, “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerji resurslarının payının 2026-cı ilədək 24 faizə, 2030-cu ilədək isə 30 faizə çatdırılması nəzərdə tutulub”.
Komitə sədri bildirib ki, bu müddət ərzində dünyada, xüsusilə Avropada etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirən Azərbaycan, yaşıl enerjiyə keçid periodunun da əsas oyunçularından biri olmağa nail olub. Həyata keçirilən effektiv islahatlar nəticəsində xarici şirkətlər üçün əlverişli investisiya mühiti yaratmağı bacaran Azərbaycan, bərpaolunan enerji sahəsində də böyük həcmli investisiya layihələri cəlb etməyə nail olub. Belə ki, 2020-ci ildən “Masdar”, “ACWA Power”, BP, “Fortescue Future Industries”, “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy”, “A-Z Czech Engineering” və “Baltech” şirkətləri ilə bərpaolunan enerji layihələri ilə bağlı əməkdaşlığa başlanılıb.
“Ötən il iyunun 1-də Çinin “China Gezhouba Group Overseas Investment” şirkəti ilə imzalanan Anlaşma Memorandumu Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşının Azərbaycan olduğunu və güclü iqtisadi əməkdaşlıq münasibətlərinə malik olmasını sübut edir. Ötən il ərzində iki ölkə arasında iqtisadi əlaqələr artan trendlə inkişaf edib, ticarətin həcmi 21 faiz artaraq 2,2 milyard dollara çatıb. İki ölkə arasındakı iqtisadi əlaqələr digər sektorlarda da sürətlə inkişaf edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər infrastruktur layihələri Avrasiya boyunca yüklərin daşınması üçün səmərəli marşrutlar təklif etdiyi üçün Orta Dəhliz Çin tranzit operatorları və logistika şirkətlərinin marağına səbəb olur. Rusiya-Ukrayna münaqişəsi səbəbi ilə beynəlxalq nəqliyyat sistemində fasilələr və gecikmələr yaranıb, Cənubi Qafqazın, o cümlədən Azərbaycanın strateji mövqeyi Aİ-Çin nəqliyyat marşrutunda daha da genişlənib. Bütün bunları nəzərə alaraq, Çin-Azərbaycan iqtisadi münasibətlərinin qarşılıqlı fayda və ortaq istəklər ilə gücləndiyini və yaxın zamanlarda iqtisadiyyatın digər sahələrində də əməkdaşlıqların inkişaf edəcəyini qeyd edə bilərik”,- deyə Tahir Mirkişili diqqətə çatdırıb.