avtomobillərin utilizasiyası

Köhnə, istifadəyə yararsız avtomobillər getdikcə müasirləşən şəhərimizin estetik görünüşünə xələl gətirməklə yanaşı, ekoloji tarazlığın pozulmasına, eləcə də yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur. Son araşdırmalara görə, Azərbaycanda istismar olunan avtomobillərin 80 faizindən çoxunun istehsal tarixi 10 ili ötüb. Bütövlükdə isə hazırda Azərbaycanda hər 20 avtomobildən biri həddindən artıq köhnəldiyindən istismara yararsız hesab olunur. Elmi tədqiqatlar göstərir ki, hava hövzəsinin çirklənməsində bu avtonəqliyyat vasitələrinin payı 80 faizdir. Avtomobillərin istehsalından sonrakı 1-3 il ərzində zərərli qaz tullantılarının səviyyəsini istehsalçı müəssisənin zəmanət verdiyi həddə saxlamaq mümkündür.

AZƏRTAC xəbər verir ki, tədqiqatlara görə, nəqliyyat vasitəsi köhnəldikcə onun atmosfera buraxdığı zərərli qaz tullantıları artır. 2016-cı ildə “Paris İqlim Sazişi”nə qoşulan Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını qarşıya mühüm hədəf kimi qoyub. Bu istiqamətdə atılan mühüm addımlardan biri kimi ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi məqsədilə elektrik mühərrikli minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumunun 0 faizə endirilməsini qeyd etmək olar. Həmçinin təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək Azərbaycan dövlətinin milli hədəflərindən biridir. Hər il fərqli ölkənin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un bu il Bakıda keçirilməsi də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir. Buna uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Milli hədəfimizə çatmağın yollarından biri şübhəsiz ki, ölkənin nəqliyyat parkının yenilənməsi, ekoloji cəhətdən təmiz avtomobillərin sayının artırılmasına nail olmaqdır.

Utilizasiyanın əsas məqsədi odur ki, həm yol hərəkətinin təhlükəsizliyi, həm də ekoloji baxımdan istismara yararsız avtomobillər dövriyyədən çıxarılsın, onların müəyyən materialları – metal, polimer və plastik materialdan olan hissələri, təkərləri, şüşələri təkrar emala yönəldilsin, yaxud da ətraf mühit üçün zərərsiz hala gətirilsin. Ona görə də ölkəmizdə köhnə avtomobillərin utilizasiyası xüsusi aktuallıq kəsb edir. Nəqliyyat vasitələrinin utilizasiyaya onların mülkiyyətçiləri tərəfindən könüllü şəkildə təqdim edilir. “Çirkləndirən ödəyir” beynəlxalq ekoloji prinsipinə uyğun olaraq, nəqliyyat vasitələrinin sahiblərindən utilizasiya haqqı tutulur və məqsədli büdcə fonduna ödənilir. Mülkiyyətçinin istəyinə uyğun olaraq nəqliyyat vasitələrinin satışı fəaliyyəti göstərən sahibkarlardan yerli istehsal yeni nəqliyyat vasitəsi satın alarsa, müvafiq məbləğdə güzəşt, yaxud; müvafiq güzəşt məbləğinin 70 faizi dəyərində Utilizasiya Fondundan birdəfəlik ödəniş alır. Bu da yerli avtomobil istehsalını stimullaşdırmaq hədəfini daşıyır.

İqtisadçı-ekspert Roman Qaraşov bildirib ki, 2024-cü il fevralın 1-dən etibarən Azərbaycanda nəqliyyat vasitələrinin Utilizasiyası Fondunun fəaliyyətə başlanılması gözlənilir: “Təbii ki, Utilizasiya Fondunun əsas büdcəsi utilizasiya haqları, kredit və qrantlar, fiziki şəxslərin könüllü ianələri, o cümlədən beynəlxalq təşkilatlar, qanunla qadağan olmayan digər mənbələrdən formalaşır. Bu cür fondun yaradılmasını Azərbaycanın iqlim dəyişiklikləri ilə əlaqədar qlobal miqyasda verdiyi töhfələrin davamı kimi də qiymətlənirə bilərik. Ölkəmiz iqlim dəyişikliyi və ətrafın mühitin qorunması ilə bağlı beynəlxalq tendensiyaları və yanaşmaları izləyərək bu istiqamətdə işlərini davam etdirir”.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov AZƏRTAC-a bildirib ki, utilizasiya prosesi bütövlükdə ətraf mühitin qorunması baxımından vacib tədbirlərdən biridir. Deputatın sözlərinə görə, əksər inkişaf etmiş ölkələrdə bu proses aparılıb və bəzilərində davam etdirilməkdədir. Bunun əsas məqsədi isə dövlətin formalaşdırdığı utilizasiya fondu hesabına avtomobil parkının yenilənməsinə nail olmaqdır.

Nazirlər Kabinetinin qərarı ilə istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı dayandırıldığını diqqətə çatıdıran Vüqar Bayramov burada məqsədin ətraf mühitin qorunması ilə bağlı meyarlara uyğun avtomobil parkının formalaşmasına nail olmaqdan ibarət oluğunu qeyd edib.

“Bu qərar, həm də COP29 kontekstindən çox vacibdir. Çünki COP29-un əsas hədəfi ətraf mühiti qorumaq və bu istiqamətdə sistemli fəaliyyətlər həyata keçirməkdən ibarətdir. Nəzərə alsaq ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkədir və COP29 meyarlarına uyğun olaraq da ətraf mühitin qorunması ilə bağlı fərqli alətlərdən əlaqənin istifadə edilməsi vacib hesab olunur. Bu baxımdan da, bütövlükdə avtomobillərin utilizasiyasının həyata keçirilməsi Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı prinsiplərinin daha da möhkəmləndirilməsinə xidmət edən bir addımdır. Nəticə etibarilə nəqliyyat vasitələrinin utilizasiyası, COP29-a ev sahibliyi edən Azərbaycanın bütövlükdə ətraf mühitin qorunması ilə bağlı həyata keçirdiyi sistemli fəaliyyətlərin bir hissəsi kimi də xarakterizə olunur”,- deyə deputat V.Bayramov qeyd edib.

Əvvəlki məqaləAstaranın Şüvü kəndində torpaq sürüşməsi aktivləşib
Növbəti məqalədəQəbələdə qanunsuz ov edən şəxs saxlanılıb