Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev yalnız 2023-cü il ərzində Xəzər dənizinin və daxili su hövzələrinin balıq ehtiyatlarının artırılması məqsədilə 600 min ədəddən çox nərəcinsli, 15 min ədəddən çox qızılbalıq və 8 milyon ədəddən çox çəkikimi balıq körpələrinin su hövzələrinə buraxıldığını deyib.

“Report” xəbər verir ki, o, bu barədə Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) Bakıda keçirilən 8-ci sessiyasında danışıb.

R.Hacıyevin sözlərinə görə, son 5 il ərzində ümumilikdə 30 milyon müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb: “Lakin balıq ehtiyatlarının mühafizəsi və süni şəkildə artırılması problemin həllinə tam şəkildə kömək edə bilmir. Bunun üçün ən optimal yol hazırda dünyada ümumi balıq ovu və istehsalının yarısını təşkil edən əmtəə akvakulturasının inkişaf etdirilməsidir. Akvakulturada suyun səmərəli istifadəsi, təkrar dövriyyə sistemlərinin tətbiqini, qidalanma təcrübələrinin optimallaşdırılması və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi vacib elementlərdəndir. Yeni strateji mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə “Azərbaycan Respublikasında akvakulturanın inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” hazırlanıb”.

Nazir müavini qeyd edib ki, Dövlət Proqramının əsas məqsədi əmtəə akvakulturasının dayanıqlı inkişafı ilə balıq və balıq məhsullarının daxili istehsalının və istehlakının artırılması, habelə təbii su hövzələrində su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsini təmin etməkdir.

Əvvəlki məqaləBakıda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyanın sessiyası keçirilir
Növbəti məqalədəÇində zəlzələ nəticəsində ölənlərin sayı 126-ya çatıb