Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Şahmar Hacıyev
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Şahmar Hacıyev

Bu il COP29-un Azərbaycanda keçirilməsi olduqca əhəmiyyətli hadisədir. Həmin mötəbər tədbirin regionda ilk dəfə olaraq ölkəmizdə keçirilməsi isə qürurvericidir.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Şahmar Hacıyev deyib.

“2024 -cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də Azərbaycanın ətraf mühitin mühafizəsi və iqlim fəaliyyətinə sadiqliyini nümayiş etdirdiyini deyən baş məsləhətçi fikirlərinə belə davam edib: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dünyada artıq yaşıl enerji mənbələrinin inkişafına xüsusi diqqət ayrılır. Bu xüsusda ənənəvi enerji mənbələri ilə yanaşı alternativ və bərpa olunan enerji mənbələrinin dəstəklənməsi və istifadəsi olduqca vacibdir. Azərbaycan artıq həmin istiqamətdə işlərə başlayıb və ətraf mühitin qorunmasında öz öhdəliyinə götürülən müvafiq işləri görür. Belə ki, ölkəmiz 2030-cu ilə qədər istixana qazlarının emissiyalarını 35 faizə, 2050-ci ilə qədər isə 40 faizə qədər azaldılmasını hədəfləyir. Demək olar ki, yaşıl enerji artıq Azərbaycan enerji siyasəti və strategiyasının əsas komponentinə çevrilib və Azərbaycan yaşıl iqtisadiyyatın inkişafı prosesinə xüsusi önəm verir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası” elan edilməsində bu istiqamətdə atılan vacib addımlardandır. Çünki həmin regionlarımızda alternativ və bərpa olunan enerji mənbələrinın inkişafı üçün böyük potensial var.

Ümumiyyətlə, Azərbaycanda mövcud olan iqlim şəraiti günəş və küləkdən alına bilən elektrik enerjisi istehsalı üçün böyük potensial yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim potensialımız həm quruda, həm də dənizdə mövcuddur. Bütövlükdə, bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 GVt və dənizdə 157 GVt təşkil edir ki, bu da dayanıqlı inkişafı və yaşıl iqtisadiyyatın dəstəklənməsi üçün olduqca əhəmiyyətli rəqəmlərdir.

Keçən il ölkəmizdə yaşıl enerji sahəsində vacib hadisələr də baş verib. Oktyabr ayında Prezident İlham Əliyev 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışını edib. Həmin stansiyada hər il 500 milyon kilovat/saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. Bu hal Azərbaycan üçün vacibdir, çünki biz bununla daxili bazarda təbii qaz sərfiyyatını azalda biləcəyik. Həmin amil də resursların şaxələndirilməsi və daha çox təbii qazın xarici bazarlara ixracına şərait yaradacaq, habelə yaşıl inkişafın dəstəklənməsində böyük rol oynayacaq.

O da qeyd olunmalıdır ki, Azərbaycan həm, ölkə daxilində, həm də xaricdə yaşıl enerji layihələrinin həyata keçirilməsində mühüm addımlar atır. Təsadüfi deyil ki, artıq Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qara dənizin dibi ilə Cənubi Qafqazdakı yaşıl enerjini Avropaya ixrac edəcək elektrik enerjisi ötürücü kabelin çəkilməsi haqqında saziş imzalayıblar. Həmin layihə nəinki təkcə Cənubi Qafqazdan, gələcəkdə, həmçinin də Mərkəzi Asiyadan yaşıl enerjini Avropaya çatdıra biləcək. Bu bir daha göstərir ki, ölkəmiz regionda Yaşıl enerji dəhlizi yaradır və bu amil də Avropanın enerji təhlükəsizliyini dəstəkləyir və enerji siyasətinə tam cavab verir”.

Ş.Hacıyevin sözlərinə görə, Azərbaycanın etibarlı enerji tərəfdaşı olması və beynəlxalq birliyin məsul üzvü kimi rolu bir çox ölkələr tərəfindən tanınır və dəstəklənir. Bu səbəbdən də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu il Azərbaycanda keçirilməsini Şərqi Avropa ölkələri tam dəstəkləyiblər. Bakının ev sahibliyi edəcək COP29 iqlim dəyişikliyi ilə bağlı fəaliyyəti daha da gücləndirmək və Paris Sazişinin məqsədlərini sürətli şəkildə həyata keçirmək üçün mühüm platforma olacaq. COP29-un əsas məqsədlərindən biri əvvəlki COP tədbirlərində əldə olunmuş uğurlu nəticələrə əsaslanaraq yeni çağırışları və məqsədləri səsləndirmək, habelə iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin artırılmasının əhəmiyyətini vurğulamaqdır. Qeyd etmək lazımdır ki, Azərbaycan neft və qaz ilə zəngin ölkə olaraq dünyanın ən böyük tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi, ölkənin beynəlxalq aləmdə nüfuzunun daha da artmasına müsbət təsir göstərəcək.

Baş məsləhətçi bildirib ki, Azərbaycan COP29-a öz dəyərli töhfəsini də verə bilər. Belə ki, ölkəmiz COP29 gündəliyinə müharibənin ekoloji təhdidləri və mina təhlükələri kimi mühüm mövzuları daxil edə bilər. Çünki Qarabağın işğal altında olduğu dövrdə ətraf mühitə vurulan zərər və ərazilərin minalarla çirklənməsi çox ciddi problemdir.

“Son olaraq vurğulamaq istərdim ki, artıq COP29 kimi mötəbər tədbirin keçirilməsi istiqamətində işlərə start verilib və Prezident İlham Əliyevin dəyərli tapşırıq və tövsiyələri ilə aidiyyəti qurumlar müvafiq işlər görür. Biz əminik ki, həmin beynəlxalq tədbir də ölkəmizdə uğurla keçiriləcək”, – deyə Ş.Hacıyev fikirlərinə yekun vurub.

Əvvəlki məqalə“Fotoqrafların qış turu” layihəsi Abşeron Milli Parkından start götürdü
Növbəti məqalədəÖtən il bərpa olunan enerji mənbələrindən 2,1 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib