Astanada “RES 2026 EXPO” – Beynəlxalq Yaşıl Texnologiyalar və Davamlı Həllər Sərgisi çərçivəsində Azərbaycanın pavilyonu təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ekspozisiyası ekoloji mövzuda tərtib edilib və ziyarətçiləri ölkənin ətraf mühitin qorunması sahəsində gündəmi, eləcə də milli mədəniyyətin ayrı-ayrı elementləri ilə tanış edir.
Pavilyonda Azərbaycanın “Qırmızı Kitab” nəşrləri, həmçinin ekoloji layihələrə və yaşıllaşdırma üzrə təşəbbüslərə həsr olunmuş multimedia materialları təqdim olunur. Ekranlarda müvafiq obyektlər və layihələr barədə vizual materiallar nümayiş etdirilir.
Ekspozisiyanın ayrıca hissəsini dekorativ və toxuculuq nümunələri təşkil edir. Bundan başqa, ziyarətçilərə məlumat və promosiya materialları təqdim olunur.
“RES 2026 EXPO” ekologiya və yaşıl iqtisadiyyat sahəsində praktiki həllərin müzakirəsi və tətbiq edilməsi məqsədilə dövlət qurumlarını, biznes dairələrini, investorları, beynəlxalq təşkilatları, elmi və ekspert ictimaiyyətini bir araya gətirən peşəkar platformadır.
30 ölkədən 300-dən çox şirkətin təmsil olunduğu sərgidə 1500-dən artıq nümayəndənin və 20 min peşəkar ziyarətçinin iştirakı gözlənilir.








