Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) və “Smartnatıon” insan inkişaf platforması arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində əməkdaşlıq memorandumu imzalanıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, sənədi BOEMDA-nın direktoru Cavid Abdullayev və “Smartnatıon” insan inkişaf platformasının təsisçisi, COP29 Təşkilat Komitəsinin üzvü Şəbnəm Məmmədova imzalayıblar.
Sənədə əsasən, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iqlim dəyişmələri və yaşıl artım, maarifləndirmə və ətraf mühitin sağlamlaşdırılması istiqamətlərində birgə əməkdaşlıq və fəaliyyət həyata keçiriləcək. Əməkdaşlıq memorandumu “Made in Azerbaijan” istiqamətində yerli yaşıl texnologiyaların, məhsul və xidmətlərin yaradılması və bu məqsədlə yaşıl texnologiyaların tətbiqinin genişləndirilməsinin təşviqinə dəstək tədbirlərini ehtiva edir.
Tədbirlərin dövlət-özəl, elmi-tədqiqat müəssisələrinin birgə əməkdaşlıq və dialoq prinsipləri ilə həyata keçirilməsi nəzərdə tutulur.