Müasir dünyada su ehtiyatlarının idarə olunması getdikcə daha strateji əhəmiyyət kəsb edən məsələlərdən birinə çevrilmişdir. İqlim dəyişikliklərinin təsiri, urbanizasiya prosesinin sürətlənməsi və əhalinin artımı suya olan tələbatı artırmaqla yanaşı, mövcud resursların qorunmasını da zəruri edir.
Bu baxımdan, bir çox inkişaf etmiş ölkələrdə yağış sularının toplanaraq təkrar istifadəyə yönəldilməsi sahəsində qabaqcıl texnologiyalar geniş tətbiq olunur və artıq effektiv idarəetmə modeli kimi qəbul edilir.
Beynəlxalq təcrübə göstərir ki, yağış sularının ikinci dəfə dövriyyəyə cəlb olunması həm su qıtlığının qarşısının alınmasında, həm də şəhər infrastrukturunun qorunmasında mühüm rol oynayır.
Xüsusilə, iri şəhərlərdə bu yanaşma kanalizasiya sistemlərinə düşən yükü azaldır, daşqın risklərini minimuma endirir və alternativ su mənbəyi kimi əlavə imkanlar yaradır.
Eyni zamanda, bu texnologiyalar ekoloji tarazlığın qorunmasına və davamlı inkişaf prinsiplərinin həyata keçirilməsinə də mühüm töhfə verir.
Azərbaycanda da su ehtiyatlarının səmərəli istifadəsi və alternativ mənbələrin tətbiqi məsələsi getdikcə daha aktual xarakter alır. Mövcud reallıqlar fonunda yağış sularının toplanması və təkrar istifadəsi istiqamətində müasir texnologiyaların tətbiqi ölkə üçün həm ekoloji, həm də iqtisadi baxımdan perspektivli yanaşma hesab oluna bilər. Bu sahədə atılacaq addımlar gələcəkdə su təhlükəsizliyinin təmin olunmasına və dayanıqlı inkişafın gücləndirilməsinə xidmət edəcəkdir.
Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
“Azərbaycanda yağış sularından istifadə üçün müvafiq infrastruktur hələ mövcud deyil. Sovet dövründə şəhərdə müəyyən drenaj sistemləri mövcud idi və yağış suları bu sistemlər vasitəsilə axıdılırdı. Lakin sonrakı illərdə Bakı şəhərində tikintilərin sürətlə artması nəticəsində bu drenajların böyük əksəriyyəti ləğv olundu və ya tikintilərin altına düşdü.
Nəticədə, yağış sularının idarə olunması çətinləşmiş və onların toplanması və istifadəsi praktik olaraq məhdudlaşmışdır. Əvvəllər şəhərdəki təbii göllər, xüsusilə Bakı ətrafında, yağış sularını qəbul edərək su basqınlarının qarşısını alırdı.
Lakin plansız və uyğun olmayan tikinti işləri nəticəsində bu göllərin bir qismi qorunub saxlanılsa da, bir çoxu artıq çirklənmiş və istifadəyə yararsız hala gəlib.
Əgər bu təbii göllər qorunsaydı, müəyyən filtrasiyadan keçməklə yağış sularını içməli su kimi də istifadə etmək mümkün olardı. Təəssüf ki, hələlik bu istiqamətdə ciddi fəaliyyət həyata keçirilməyib.
Yanvar ayında ölkə prezidentinin sədrliyi ilə keçirilmiş geniş müşavirədə bu məsələ diqqət mərkəzinə gətirildi və yaxın 10 il ərzində Bakıda və digər şəhərlərdə yağış və kanalizasiya sularının idarə olunması üçün iri layihələrin həyata keçirilməsi qərara alındı. Planlara drenaj sistemlərinin, yeraltı kanalların və tunellərin tikilməsi daxildir.
Ümid edilir ki, bu layihələr həyata keçirildikdən sonra yağış sularının səmərəli şəkildə toplanması və istifadəsi mümkün olacaq. Qeyd etmək lazımdır ki, yağış suyu təbii sudur və filtrasiyadan keçdikdən sonra içməli su kimi də istifadə oluna bilər.
Hazırda havanın çirklənməsi və infrastrukturun olmaması bu imkanlardan istifadəni məhdudlaşdırır. Məsələn, İranda əsas su mənbəyi yağış sularıdır və xüsusi anbarlarda toplanaraq istifadə olunur. Bakı və digər şəhərlərdə bu təcrübə tətbiq olunarsa, həm su resurslarının qorunması, həm də iqtisadi səmərəlilik baxımından müsbət nəticələr əldə edilə bilər”.
Elmir Heydərli
https://crossmedia.az/az/article/76739







