ağac

“Son illər Bakıda və respublikanın digər yerlərində ağacların kütləvi quruması halları baş verir”.

“Report” xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin Təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin müdiri Fariz Qasımov “Ekspert saatı”nda deyib.

O bildirib ki, quruma əsasən xəstəlik və ziyanvericilərin yaratdığı fəsadlarla əlaqəli olub: “Paytaxtın Xəzər, Nərimanov, Binəqədi rayonları ərazisində ağacların kütləvi quruması baş verir. Bununla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb, xaricdən mütəxəssislər dəvət olunub və monitorinqlər aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi quru ağacların götürülməsi ilə bağlı rəy də verib. Quru ağaclar götürülür, həmin ərazi dərman preparatları ilə dezinfeksiya edilir, sonra yerinə yeni tinglər əkilir”.

Şöbə müdiri vurğulayıb ki, ötən il yaşıllıqların götürülməsi ilə bağlı 2 960 müraciət daxil olub: “Bu il isə həmin qəbildən müraciətlər 3 000-nü ötüb. Müraciətlərin əksəriyyətinə baxılıb və aidiyyəti qurumlara cavab məktubları göndərilib, müvafiq tədbir görülüb”.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov əyilmiş ağacların aqibətinə də toxunub: “Əgər ağac əyilib işıq dirəylərinə maneə törədirsə, vətəndaş yaşadığı ərazidə bələdiyyə və icra hakimiyyətinə müraciət etməlidir. ETSN rəy verdikdən sonra İcra Hakimiyyəti problemlə bağlı tədbir görür”.

Əvvəlki məqaləEkologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib
Növbəti məqalədəQuba və Qusara qar yağır