Ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərin başlıca istiqamətlərindən biri neftlə çirklənmiş torpaqların təmizlənməsi, eyni zamanda, abadlaşdırılması ilə bağlı mühüm layihələrin reallaşdırılmasından ibarətdir. Bu istiqamətdə son illərdə mühüm işlər həyata keçirilməkdədir.
AZƏRTAC-a Balaxanı Əməliyyat Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, birinci mədən ərazisi və digər bölgələrdə geniş şəkildə yaşıllaşdırma, yenidən bərpaetmə, çirkli tullantılardan torpaqların təmizlənməsi və ağacların əkilməsi kimi abadlıq işləri yerinə yetirilir.
Layihənin əsas məqsədi torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlib.
Bu məqsədlə şirkətin əməkdaşları qeyd olunan ərazilərdə sürətləndirilmiş iş rejimində çalışırlar.