Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə “Balıqçılıq və akvakulturanın davamlı idarə olunması” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları, Azərbaycan Qida Təhlükəsizliyi, Kiçik və Orta Biznesin İnkişafı agentliklərinin, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin rəsmiləri, FAO, ADA Universiteti və özəl sektorun nümayəndələri iştirak edib.
Plenar sessiyalarla başlayan konfrans yerli və beynəlxalq ekspertlərin müxtəlif mövzularda təqdimatları, çıxışları və panel müzakirələrlə davam edib.
Konfransın məqsədi maraqlı tərəfləri bir araya gətirməklə akvakulturanın inkişaf perspektivlərini qiymətləndirmək, bu sahədə imkanları və onun davamlı inkişafa töhfələrini müəyyən etmək, davamlı balıqçılığın əhəmiyyəti haqqında məlumatlılığı artırmaq, sektorun dayanıqlı inkişafı üçün çoxtərəfli həlləri və ən yaxşı təcrübələri təqdim etməkdir.
Konfransın sonunda nəticə sənədi qəbul olunub.