BƏƏ-də keçirilmiş COP28 iqlim konfransının sədri Sultan Əl Cabir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində maliyyə səylərini səfərbər edir. Əbu-Dabi bu məqsədlə hər il 100 milyard dollar toplamaq üçün iyun ayında xüsusi iclas keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Aşarq Biznes” nəşri ötən il BƏƏ-də keçirilmiş COP28 iqlim konfransının sədri Sultan Əl Cabirə istinadla məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Əbu-Dabi bu il keçirilməsi planlaşdırılan iqlim danışıqları raundunda maliyyə öhdəliklərinin həcmini artırmaq məqsədilə COP28 çərçivəsində müvafiq razılıq əldə etmiş ölkələrin nümayəndələrini və dünya üzrə maliyyə institutlarının liderlərini cari ilin iyununda keçiriləcək xüsusi iclasda bir araya gətirmək niyyətindədir.

İdeya Bakıda keçirilməsi planlaşdırılan BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 konfransında inkişaf etməkdə olan ölkələr üçün iqlimin maliyyələşdirilməsində əhəmiyyətli sürətlənməyə yol açmaqdır. Hər il 100 milyard dollar toplamaq üçün hazırkı səyləri əvəz etmək məqsədi daşıyan bu yeni təşəbbüs konfransın əsas nəticəsi olacaq və böyük miqdarda özəl kapital, habelə dövlət vəsaiti tələb edəcəkdir.

Keçən il Dubayda keçirilən COP28 iqlim konfransının sədri Sultan Əl Cabir “Bloomberg” tərəfindən yayılan məktubda ölkələrin nümayəndələrinə müraciət edərək deyib: “Biz özəl sektor investorlarını stimullaşdıra biləcək sağlam qlobal maliyyə strukturu qurmağa davam etməliyik. Hələ görüləsi çox iş var”. O əlavə edib ki, 2030-cu ilə qədər hər il ümumi məbləği 7 trilyon dollar olan investisiyalar qlobal istiləşməni 1,5 dərəcədən aşağı saxlamaq məqsədinə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edəcək. Bununla belə, bu hədəfə necə nail olmaqla bağlı danışıqlar inkişaf etmiş ölkələrin yüksək inflyasiya ilə mübarizə aparmağa davam etdiyi, eləcə də əhali arasında iqlim dəyişikliyinin xərcləri ilə bağlı artan narahatlıqlar fonunda aparılır.

BƏƏ-nin naziri qeyd edir ki, varlı ölkələr yoxsul həmkarları tərəfindən son on ilin sonuna qədər hər il 100 milyard dollara qənaət etmək barədə razılaşmaya əməl etmədiklərinə görə sərt şəkildə tənqid olunurlar. Liderlər öz növbəsində bildiriblər ki, borclanma xərclərini azaltmaq və vəsaitlərə çıxışı asanlaşdırmaq üçün qrant əsaslı maliyyələşdirmə qlobal maliyyə institutlarının daha çox dəstəyi ilə birləşdirilməlidir.

Əl Cabir bildirib ki, BƏƏ, Azərbaycan və Braziliya növbəti iki il ərzində iqlim ambisiyasını yaratmaq üçün iqlim sammitinə sədrlik etmək məqsədilə “üçlü” koalisiya yaratmaq üçün qüvvələri birləşdirib.

Əvvəlki məqaləAzərbaycan və Braziliya COP29 çərçivəsində birgə fəaliyyət imkanlarını nəzərdən keçirib
Növbəti məqalədəAzərbaycanın İsveçdəki səfiri COP29-a hazırlıq prosesi haqqında məlumat verib