BMT 28 apreldə qeyd olunan Ümumdünya Əməyin Mühafizəsi və Sağlamlığı Günündə iqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri haqqında hesabat təqdim edib.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, hesabatda iqlim dəyişikliyinin artıq planetimizdə canlıların mövcudluğuna, insan sağlamlığına və əmək fəaliyyətinə ciddi təsir göstərdiyi qeyd olunub. “Bu problem artdıqca, bütün dünyada əmək fəaliyyəti həddindən artıq istillər, ultrabənövşəyi radiasiya, ekstremal hava hadisələri, havanın çirklənməsi, vektorla ötürülən xəstəliklər və aqrokimyəvi maddələr kimi təhlükələrə məruz qalma riski ilə müşayiət olunur. Xərçəng, ürək-damar, tənəffüs yolları xəstəlikləri və psixi sağlamlıq pozuntuları da daxil olmaqla, çoxsaylı sağlamlıq problemləri iqlim dəyişikliyi ilə əlaqələndirilir”, -deyə hesabat müəllifləri vurğulayıblar.
BMT qeyd edib ki, təhlükəsiz və sağlam iş şəraitinin əsas prinsipini təşviq etmək, əmək hüququna hörmət etmək və onu həyata keçirmək, eyni zamanda, iş yerində iqlim dəyişikliyinin təhlükəli təsirlərini aradan qaldırmaq deməkdir. Əməyin mühafizəsi və sağlamlığının iqlim siyasətlərinə daxil edilməsi və iqlimlə bağlı problemlərin bu sahəyə inteqrasiyası çox vacibdir. İqlim təhlükələri inkişaf etdikcə, qanunvericiliyin yenidən qiymətləndirilməsi və ya yeni qaydalar tələb oluna bilər.
Təşkilat üzv dövlətlərə müraciətlə bildirib: “Hökumətlər və sosial tərəfdaşlar arasında əməkdaşlıq iqlim təsirinin azaldılması və ona uyğunlaşma siyasətləri üçün həyati əhəmiyyət kəsb edir. İndi hərəkət etmək vaxtıdır!”
2024-cü il Ümumdünya Əməyin Mühafizəsi və Sağlamlığı Günü münasibətilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) “Dəyişən iqlim şəraitində iş yerində təhlükəsizlik və sağlamlığın təmin edilməsi” adlı yeni hesabat hazırlayıb. Bu hesabatda iqlim dəyişikliyinin işçilərə təsiri ilə bağlı həyəcanverici yeni məlumatlar açıqlanıb.
Hesabatda qlobal miqyasda istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınmasının vacibliyi vurğulanıb. Bu, beynəlxalq diqqəti problemin miqyasına, həmçinin hökumətlərin təhlükəsizlik və sağlamlıq mədəniyyətinin təşviqi və yaradılmasının əməklə bağlı ölüm və xəsarətlərin sayını azaldılmasına necə kömək edə biləcəyinə yönəlmiş maarifləndirmə kampaniyasının bir hissəsidir. “İşəgötürənlər iş şəraitinin təhlükəsiz və sağlam olmasını təmin etmək üçün məsuliyyət daşıyır, işçilər isə bu sahədə hüquqlarını bilməli və qabaqlayıcı tədbirlərin həyata keçirilməsində iştirak etməlidirlər”, -deyə BƏT vurğulayıb.