fırtına

Hər il təxminən iki milyard ton qum və toz Yer atmosferinə daxil olur ki, bu da Gizadakı Böyük piramidanın 350 qat ağırlığına bərabərdir. Bunu BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəfləri Katibliyinin ekspertləri bildiriblər və bu təbiət hadisəsinin 25 faizdən çoxunun insan fəaliyyəti ilə bağlı olduğunu qeyd ediblər. AZƏRTAC BMT Xəbərlərinə istinadla xəbər verir ki, bu yaxınlarda Özbəkistanın Səmərqənd şəhərində keçirilən görüşdə bu məsələ diqqət mərkəzində olub.

Qum və toz fırtınaları Şimali və Mərkəzi Asiyadan Afrikanın cənubunda yerləşən ölkələrə qədər ərazilərə ziyan vurur və onların intensivliyi, miqyası və müddəti gözlənilməz və insanlar üçün təhlükəli ola bilər. Mütəxəssislər vurğulayırlar ki, bu təbiət hadisəsinin mövsümiliyinə və məhdud coğrafiyasına baxmayaraq, torpaq və su ehtiyatlarının düzgün idarə olunmaması, quraqlıq və iqlim dəyişikliyi həmin problemi daha da dərinləşdirir.

Bundan əlavə, qum və toz fırtınaları çox vaxt ölkələrə əhəmiyyətli iqtisadi təsir də göstərir. Məsələn, onlar Küveytin neft sektoruna hər il 190 milyon dollar zərər verir və 2009-cu ildə Avstraliyada oxşar hadisədən dəymiş ziyan 229-243 milyon dollar məbləğində qiymətləndirilir.

“Qum və toz fırtınaları davamlı inkişaf üçün böyük problem yaradır. Bu hadisələr insanların fəaliyyəti ilə şiddətlənir, lakin onların hərəkətləri ilə azaldıla da bilər”, – deyə BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının icraçı katibi İbrahim Tiau bildirib.

Əvvəlki məqaləAğacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib
Növbəti məqalədəPeru yarım əsrdən artıq müddətdə öz buzlaqlarının yarıdan çoxunu itirib