Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü xanım Jelyka Tsviyanoviç Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraka dəvət olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Jelyka Tsviyanoviç ilə görüşüb və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ona ünvanlanmış COP29-a dəvət məktubunu təqdim edib.
Görüş zamanı səfir Azərbaycanda COP29-a hazırlıqla bağlı işlər və yaşıl enerjiyə keçid sahəsində icra edilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.
J.Tsviyanoviç isə bu ilin mart ayında Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşündən xoş təəssüratlarını bölüşüb, Bosniya və Herseqovina ilə Azərbaycan arasında hərtərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.