Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev bu ölkənin Rəyasət Heyətinin xorvat üzvü Jelko Komşiçlə görüşüb və Prezident İlham Əliyev tərəfindən ona ünvanlanmış BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət məktubunu təqdim edib.
AZƏRTAC xəbər verir ki, görüşdə səfir Azərbaycanda COP29-a hazırlıqla bağlı işlər və “yaşıl enerji”yə keçid sahəsində icra edilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.
J.Komşiç Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işləri ilə maraqlanıb. O, hələ ki, Azərbaycanda səfərdə olmadığını, lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işləri və aparılan islahatları yaxından izlədiyini deyib.
Söhbət zamanı Azərbaycan-Bosniya və Herseqovina əlaqələrinin geniş spektri üzrə fikir mübadiləsi aparılıb.