Göygöl Milli Parkı

Bu gün Göygöl Milli Parkının yaradılmasından 16 il ötür.

Göygöl Milli Parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 aprel tarixli Sərəncamı ilə yaradılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva AZƏRTAC-a bildirib ki, dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən landşaftını əhatə edən milli parkın ərazisində qarmaqvari şam, palıd, fıstıq, cökə, vələs, qarağac, qoz, fındıq və s. kimi bitki növlərinə, Qonur ayı, canavar, çaqqal, tülkü, porsuq, vaşaq, çöl pişiyi, oxlu kirpi, Qafqaz maralı, cüyür, bezoar keçisi, qaban, qartal, şahin, yaşılbaş ördək, su sonası, dağ kəkliyi, qızılxallı balıq və s. kimi heyvan növlərinə rast gəlinir. Göygöl Milli Parkının ərazisində mövcud olan fauna və flora növlərindən bir qismi “Qırmızı Kitab”a daxil edilib. Bunlar arasında bezoar keçisi, nəcib maral, qonur ayı, vaşaq, Xəzər uları, Qafqaz tetrası, cırtdan qartalça, kütyarpaq püstə, Kox şamı, Qafqaz səhləbi, fırfır səhləb, paradoksal süsən, kiçik süsən və s. nümunə göstərmək olar.

“Zəngin biomüxtəlifliyə malik Göygöl Milli Parkında 10 marşrut fəaliyyət göstərir ki, turistlər həmin marşrutlar boyunca unikal təbiət mənzərələrini seyr edir və asudə vaxtlarını səmərəli keçirirlər. Hər fəsildə füsunkar gözəlliyə malik olan Göygöl Milli Parkında təbiət gözəlliyinin rəngarəngliyi, bitki və heyvanlar aləminin zənginliyi ekoturizm fəaliyyətinin təşkili və inkişafına, o cümlədən, əraziyə böyük sayda yerli və xarici turistlərin cəlb edilməsinə şərait yaradır. Göygöl MP ölkəmizdə sayca ən çox turist qəbul edən milli parkdır”, – deyə A.Babayeva qeyd edib.

Göygöl Milli Parkının yaradılması ilə bağlı bu gün milli parkda “Açıq qapı” günüdür.

Əvvəlki məqaləAparılan epizootoloji monitorinqlər zamanı şübhəli kliniki əlaməti olan quşa rast gəlinməyib
Növbəti məqalədəElçin Sultanov: İqlim dəyişmələri qışlayan quşların sayında azalma ilə nəticələnib