Bataqlıq ərazilərinin əhəmiyyəti və onların biomüxtəlifliyinin qorunması haqqında məlumatlılığı artırmaq məqsədilə hər il fevralın 2-də Ümumdünya Su-Bataqlıq Əraziləri Günü qeyd olunur. Bu, 1971-ci ildə su-bataqlıq əraziləri haqqında Ramsar Konvensiyasının qəbul edildiyi tarixdir. Günün məqsədi bütün dünyada bataqlıq ərazilərinin qorunması və davamlı istifadəsinin təşviq edilməsidir.
Dünyadakı bataqlıqların təxminən 90%-i deqradasiyaya uğrayıb və biz bataqlıq ərazilərini meşələrdən üç dəfə tez itiririk. Bataqlıqlar biomüxtəlifliyə, iqlimin yumşaldılmasına və iqlim dəyişmələrinə uyğunlaşmaya, şirin suyun mövcudluğuna, dünya iqtisadiyyatına və s. töhfə verən əhəmiyyətli ekosistemlərdir.
Ümumdünya Su-Bataqlıq Əraziləri Günü bu il “Bataqlıqlar və insan rifahı” devizi altında keçirilir və bu mövzu su-bataqlıqların və insan həyatının necə əlaqəli olduğunu diqqət mərkəzində saxlayır. İnsan rifahının bütün aspektlərinin bataqlıqlar ilə necə əlaqəli olduğunu vurğulayır. Bu, hər birimizi su-bataqlıq ərazilərimizi dəyərləndirməyə və onların əhəmiyyətini diqqətdə saxlamağa çağırır.