“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində il ərzində 793 kiloqram işlənmiş batareya toplanaraq “Təhlükəli Tullantılar” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilib.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, layihə ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və düzgün idarə olunması məqsədi daşıyır.

Qeyd edək ki, “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ölkə üzrə müxtəlif dövlət qurumları, şirkətlər, marketlər şəbəkələri, ali və orta ixtisas təhsil müəssisələri, banklar və otellər də daxil olmaqla 300-dən artıq məntəqədə batareya qutuları yerləşdirilib.

Xatırladaq ki, istifadəyə yararsız elektrik batareyaların toplanması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” Fondu tərəfindən ötən il mayın 1-də “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib. Layihə çərçivəsində bu günədək ümumilikdə 1 tondan artıq işlənmiş batareya təhvil alınıb.

Əvvəlki məqaləMeteorologiya sahəsində erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində qabaqcıl Türkiyə təcrübəsi öyrənilib
Növbəti məqalədəFHN güclü küləklə əlaqədar vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb