meşə ərazisi yanğın

Ekosistemlərin deqradasiyasının və ya itirilməsinin əsas səbəblərindən biri də meşə yanğınlarıdır. Meşə yanğınları ərazinin flora və faunasını məhv etməklə yanaşı, torpaq örtüyünü zədələyir, həmçinin su mənbələrinə də mənfi təsir göstərir. Meşə yanğınları təbii və antropogen amillər səbəbindən baş verir. Qlobal iqlim dəyişikliyi fonunda baş verən istiləşmə meşə yanğınlarına səbəb olan əsas təbii amildir. Lakin hər 10 meşə yanğınından 8-9-u məhz insan faktoru ilə əlaqədardır. Odla ehtiyatsız davranış, meşədə qalanmış ocaqların söndürülməməsi, söndürülməmiş kibritin, siqaret kötüyünün meşələrə atılması, biçindən sonra otlaq sahələrinin yandırılması genişmiqyaslı meşə yanğınları ilə nəticələnir. Bəzən isə yanğının baş verdiyi ərazinin relyefi mürəkkəb olduğundan xüsusi texnikanın cəlb edilməsinə, əl əməyindən istifadə edilməsinə ehtiyac yaranır.

Hər il yanğınlar nəticəsində dünyada yüz minlərlə hektar meşə sahəsi məhv olur

Dünyanın müxtəlif ərazilərində hər il baş verən meşə yanğınları səbəbindən təəssüf ki, yüz minlərlə hektar meşə sahəsi məhv olur, yaşıllıqlar yanaraq külə dönür. Bəzən yanğınların miqyası elə böyük olur ki, onu söndürmək çətinləşir, nəticədə getdikcə daha geniş ərazilərə yayılır, insanların əmlakına zərər dəyir, hətta yanğın baş verən ərazidə yaşayan sakinlərin ölümü ilə nəticələnir. Xüsusilə son illərdə planetdə geniş vüsət alan qlobal istiləşmənin fonunda meşə yanğınları daha tez-tez baş verir.

Azərbaycan da belə fəlakətlərdən sığortalanmayıb. Ölkəmizdə yanğınlar daha çox dağ meşələrində baş verir. Çünki respublikamızın coğrafi ərazisinin meşə fonduna aid olan hissəsinin 95 faizi dağlıq ərazilərdə yerləşir. Bunun da 49 faizi Böyük Qafqaz, 34 faizi Kiçik Qafqaz dağları, təxminən 14-15 faizi Talış dağları və yerdə qalan 5 faizi isə Aran rayonlarının payına düşür.

Ötən ilə nisbətən ölkəmizdə meşə yanğınları 6 dəfə azalıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğın nəzarəti xidmətinin şöbə rəisi Elnur Babayevin sözlərinə görə, ötən il ölkəmizdə meşələrdə yanğınların sayı 31 təşkil etmişdisə, cari ildə həmin rəqəm 5-ə bərabər olub. Maddi ziyan da ötən ilə nisbətən dəfələrlə azalıb. Çünki 500 min manat civarında maddi ziyan var idisə, hazırda bu rəqəm 10 min manata yaxındır. Bu da nazirlik tərəfindən kompleks şəkildə görülmüş tədbirlərin nəticəsidir. Vətəndaşlar yanğınların fəsadları və yanğın təhlükəsizliyi qaydaları barədə nə qədər məlumatlı olsalar, meşələrdə yanğınların sayı minimuma enər.

E.Babayev qeyd edib ki, meşələrin yanğın təhlükəsizliyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliyi arasında 2023-2025-ci illəri əhatə edən birgə fəaliyyət planı mövcuddur. Həmin fəaliyyət planına uyğun olaraq isə nəzarət tədbirləri icra olunur.

Yanğın hadisələrinin azalmasında yay mövsümündə yağıntılı günlərin sayının çox olması da rol oynayıb

Son 5 il ərzində ölkə ərazisinin meşə fondu torpaqlarında 197 yanğın hadisəsi baş verdiyini diqqətə çatdıran Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov deyib: “Son beş il ərzində 1800 hektardan artıq sahədə yanğın hadisəsi olub. Təkcə ötən il ərzində meşə fondu torpaqlarında 66 yanğın hadisəsi qeydə alınıb və 870 hektara yaxın sahə yanğına məruz qalıb. Bu il isə 33 yanğın hadisəsi baş verib və 25 hektar meşə ərazisi yanğından zərər görüb”.

C.Qəribovun sözlərinə görə, 2023-cü ildə ölkəmizdə yanğın hadisələrinin azalmasına səbəb aidiyyəti qurumlar arasında koordinasiyalı fəaliyyətin təşkili, meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə bölgələrdə kənd sakinləri və fermerlərlə aparılan maarifləndirici tədbirlər, Fövqəladə Hallar Nazirliyi ilə birgə bölgələrdə müşavirə və təlimlərin keçirilməsi, eyni zamanda, meşə ərazilərində yanğın əleyhinə mineral zolaqların çəkilməsi, nəzarət postlarının sayının artırılmasıdır. Yanğın hadisələrinin azalmasının daha bir səbəbi isə yay mövsümündə yağıntılı günlərin sayının çox olmasıdır.

Bir ağacın məhv olmasına dəqiqələr, amma bir fidanın nəhəng ağaca çevrilməsinə uzun illər lazımdır. Meşə yanğınları zamanı yüzlərlə qocaman ağac ya zədələnir, ya da dəqiqələr içərisində yanaraq külə dönür. Gəlin, planetimizin ağciyərləri olan meşələri qorumaq naminə meşə ərazilərində, istirahət məkanlarında odla ehtiyatlı davranaq, yanğın təhlükəsizliyi qaydalarına əməl edək və söndürülməmiş kibriti, siqaret kötüklərini meşələrə və onlara yaxın ərazilərə atmayaq. Şəhərin səs-küyündən qaçıb sığındığımız, bizə mənəvi dinclik üçün qucaq açan meşələrimizi qoruyaraq gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.

 

Əvvəlki məqaləSumqayıt çimərliyinin 3 hektardan artıq sahil zolağı tullantılardan təmizlənib
Növbəti məqalədəRespublikamızın təbii şəraiti müxtəlif olduğundan heyvanlar aləmi də çox rəngarəngdir