bərpa olunan enerji mənbələri

Baş nazir Əli Əsədov “Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” Qərar imzalayıb.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin Qərarına əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229 hektar torpaq sahəsi qoyuluş gücü ilkin mərhələdə 50 MVt olmaqla, ümumilikdə 100 MVt gücündə olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Energetika Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçirəcək.

Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 229 hektar torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərarın 3-cü hissəsinə uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün ərzində bu barədə Nazirlər Kabinetinə məlumat verəcək.

Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.

Əvvəlki məqaləİspaniyada daşqınlar nəticəsində azı 64 nəfər həlak olub
Növbəti məqalədəCOP29 çərçivəsində tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinq və mediatur keçirilib