BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasının (COP28) şəffaflıq məsələləri üzrə Baş danışıqçısı Abdulla Əl Hammadi COP29 sədrliyi çərçivəsində təşkil olunan, İkillik Şəffaflıq Hesabatlarının (BTRs) hazırlanmasında etimad və potensiala həsr olunmuş seminarda iştirak etmək üçün Bakıdadır.
“Report” xəbər verir ki, bu barədə COP28-in “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Konsensusunun həyata keçirilməsi iqlim fəaliyyətində etimad və inam üçün şərait yaratmaq üzərində qurulmalıdır”, – paylaşımda bildirilib.
Qeyd edilib ki, birinci şəffaflıqla bağlı hesabatın təqdimatı uyğunlaşma və iqlim maliyyələşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi və s. məsələlərdə irəliləyişlə bağlı mühüm əhəmiyyət kəsb edir və bütün tərəflər ilk hesabatı vaxtında təqdim etməyə çağırılırlar.
Xatırladaq ki, iqlim dəyişikliyi ilə mübarizədə son illər şəffaflıq və əməkdaşlıq məsələləri ön plana çıxıb. Şəffaflıq imkanlarının yaradılmasına kömək edən bir çox alətlər arasında İkiillik Şəffaflıq Hesabatı (BTR) xüsusi rol oynayır.