“Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri, COP29 Təşkilat Komitəsinin üzvü Gülşən Axundova
“Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri, COP29 Təşkilat Komitəsinin üzvü Gülşən Axundova

Azərbaycan noyabrda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a Azərbaycan ev sahibliyi edəcək. Ölkəmiz bu irimiqyaslı beynəlxalq tədbirə yüksək səviyyədə hazırlaşır. Səksən mindən çox qonaq – dünya ölkələrinin prezidentləri, baş nazirləri, digər rəsmi şəxslər, eləcə də beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana gələrək iqlim dəyişikliyi ilə bağlı məsələləri ətraflı müzakirə edəcəklər. Hansı ki, bu müzakirələrdə veriləcək qərarlar planetimizin gələcəyinə birbaşa təsir edəcək.

COP29-da əsas hədəf nədir

Son illər yaşanan iqlim dəyişikliyi hər bir ölkəyə, o cümlədən insanların həyatına mənfi təsir göstərməkdədir. Paris İqlim Sazişinə əsasən, qlobal istiləşmə sənayeləşmədən əvvəl olduğu kimi, 1,5°C səviyyəsində qalmalıdır ki, bu təsirlər minimuma ensin. Elə COP tədbirlərinin məqsədi də dünyada karbon qazının miqdarını 1,5°C ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır. Bir sözlə, bu öhdəliyin təmin olunması hər birimizin mənəvi borcudur. Lakin imkanlar tükənir və zaman keçir. Məqsəd qlobal istiləşməni nəzarətdə və temperatur artımını 1,5°C-dən aşağı saxlamaq üçün emissiyaların azaldılması istiqamətində əsaslı, çevik və dayanıqlı fəaliyyət göstərmək, bu təşəbbüs çərçivəsində bütün tərəfləri bir araya gətirməkdir.

“Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri, COP29 Təşkilat Komitəsinin üzvü Gülşən Axundova AZƏRTAC-a bu barədə danışarkən bildirib ki, 2015-ci ildə imzalanan Paris İqlim Sazişi iqlim dəyişikliyinə qarşı qlobal səyləri bir araya gətirən ən əhəmiyyətli beynəlxalq razılaşmalardan biridir. Sazişin əsas məqsədi qlobal temperatur artımını sənayedən əvvəlki dövrlə müqayisədə 2,0°C-dən aşağıda saxlamaq və daha iddialı hədəf olaraq bu artımı 1,5°C səviyyəsində məhdudlaşdırmaqdır. Bu hədəf iqlim dəyişikliyinin ən ağır nəticələrindən qaçmaq üçün zəruri hesab edilir.

Qarşıya qoyulan məqsədə nail olmaq üçün Paris İqlim Sazişi ölkələrə öz milli töhfələrini təqdim etməyi öhdəlik kimi qoyur. Bu töhfələr çərçivəsində ölkələr karbon emissiyalarını azaltmaq, enerji effektivliyini artırmaq, bərpaolunan enerji mənbələrinə keçid etmək və digər müvafiq tədbirlər görmək üzrə planlar hazırlayırlar. Ölkələr bu planlarını hər beş ildən bir yeniləməli və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün addımlar atmalıdır.

İqlim dəyişikliyi ilə mübarizə yalnız karbon emissiyalarının azaldılması demək deyil

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizə yalnız karbon emissiyalarının azaldılması ilə məhdudlaşmır. Bu, həm də iqlim dəyişikliyinin artıq mövcud olan və qaçılmaz təsirlərinə uyğunlaşmağı nəzərdə tutur. Təsirlər arasında dəniz səviyyəsinin yüksəlməsi, ekstremal hava hadisələrinin artması, quraqlıqlar və daşqınlar, kənd təsərrüfatına və qida təhlükəsizliyinə təsirlər kimi məsələlər var. Bu səbəbdən, xüsusilə həssas bölgələrdə, uyğunlaşma tədbirlərinin həyata keçirilməsi həyati əhəmiyyət daşıyır.

Paris İqlim Sazişinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığı təşviq etdiyini vurğulayan G.Axundova deyib: “İnkişaf etmiş ölkələr, iqlim dəyişikliyinə uyğunlaşma və emissiyaların azaldılması tədbirlərini həyata keçirmək üçün maliyyə, texnoloji və digər növ dəstək göstərmək öhdəliyini götürüblər. Bu, xüsusilə az inkişaf etmiş ölkələr və iqlim dəyişikliyinin təsirlərinə qarşı daha həssas olan ölkələr üçün vacibdir.

Bununla yanaşı, Sazişin uğuru ölkələrin öz öhdəliklərini yerinə yetirməsi və beynəlxalq ictimaiyyətin bu prosesdə həmrəylik nümayiş etdirməsindən asılıdır. İqlim dəyişikliyinə qarşı qlobal səviyyədə mübarizə aparılmadığı təqdirdə, iqlim böhranının fəsadları daha da dərinləşəcək və bu, həm təbiətə, həm də insanlara geri dönməz zərərlər vuracaq.

1,5°C hədəfi iqlim dəyişikliyinin ən ciddi təsirlərindən yan keçməsi üçün mühüm səviyyədir

Araşdırmalara görə, iqlim dəyişikliyi ilə mübarizəyə investisiyalar 7,1 trilyon ABŞ dolları həcmində gəlir gətirə bilər. Bu, yalnız gələcəkdə daha yüksək xərclərin qarşısını almaqla yanaşı, həm də innovasiyalara təkan verəcək və bir çox əlavə sosial faydalar əldə etməyə imkan verəcək. Bu səbəbdən, 1,5°C hədəfini saxlamaq üçün bütün ölkələrin təcili, iddialı və koordinasiyalı tədbirlər görməsi tələb olunur. Bu, yalnız iqlim dəyişikliyinin fəlakətli nəticələrinin qarşısını almaq üçün vacib deyil, həm də uzunmüddətli perspektivdə əhəmiyyətli sosial-iqtisadi faydalar gətirə bilər.

Mütəxəssislər bildirirlər ki, 1.5°C hədəfinə nail olmaq üçün ilk növbədə karbon emissiyalarının dərhal və sürətlə azaldılması zəruridir. Bəzi ekspertlər bu məqsədə çatmaq üçün dünya ölkələrinin 2030-cu ilə qədər qlobal karbon emissiyalarını yarıya endirməli olduğunu vurğulayır. Emissiyaların azaldılması sahəsində atılacaq hər bir addım, xüsusilə kömür kimi yüksək karbonlu yanacaqlardan tədricən imtina edilməsi və bərpaolunan enerji mənbələrinə keçid strategiyaları həlledici rol oynayır. Mütəxəssislər, həmçinin meşələrin bərpası, dayanıqlı kənd təsərrüfatı metodlarının tətbiqi və təbiətin qorunması kimi təbii həll yollarının da vacibliyini qeyd edirlər.

Yeri gəlmişkən, IPCC-nın (Beynəlxalq İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Panel) 2018-ci il hesabatında 1.5°C hədəfinin əhəmiyyəti vurğulanıb. Hesabata əsasən, qlobal istiləşməni 1.5°C səviyyəsində saxlamaq üçün dərhal, sürətli və genişmiqyaslı dəyişikliklər tələb olunur. IPCC ekspertləri qeyd edirlər ki, bu hədəfə çatmaq iqlim dəyişikliyinin ən pis təsirlərindən qaçmağa kömək edəcək, lakin buna nail olmaq üçün dünya ölkələri çox ciddi tədbirlər görməlidir.

Məqsəd həm də insanların, xüsusilə həssas icmaların həyatını qorumaqdır

Paris İqlim Sazişinin keçmiş rəhbəri Christiana Figueres Sazişin uğurla həyata keçirilməsinin əsas simalarından biridir. O, tez-tez vurğulayır ki, 1.5°C hədəfi yalnız texniki məsələ deyil, həm də insanların, xüsusilə həssas icmaların həyatını qorumaq üçün zəruridir. Davamlı infrastrukturun yaradılması, bərpaolunan enerjiyə keçid və maliyyə sektorunun daha “yaşıl iqtisadiyyat”lara yönəldilməsi vacib amildir.

Beynəlxalq Enerji Agentliyi (IEA) də 1.5°C hədəfinə nail olmaq üçün enerji sektorunda inqilabi dəyişikliklərin vacibliyini vurğulayır. Agentliyin hesabatına görə, bərpaolunan enerji mənbələrinə böyük sərmayələr qoyulmalı və fosil yanacaqlardan istifadə kəskin şəkildə azaldılmalıdır. IEA-nın proqnozlarına əsasən, 2050-ci ilə qədər sıfır karbon emissiyasına çatmaq üçün qlobal enerji sistemində köklü dəyişikliklər tələb olunur.

Bu misallar göstərir ki, 1.5°C hədəfi üzrə qlobal səylər yalnız qlobal istiləşməni məhdudlaşdırmaq üçün deyil, həm də planetimizin ekosistemlərini və insanların rifahını qorumaq üçün əsasdır.

Nə üçün məhz Azərbaycan?

COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar ötən il dekabrın 11–də Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyi etdiyi COP28-in plenar iclasında verilib. Bu qərarın qəbulu neft-qaz ölkəsi kimi tanınan Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə səylərinin, o cümlədən “yaşıl enerji” sahəsindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini bir daha göstərir. Bir sözlə, Azərbaycanın dünyanın ən böyük tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbəsidir. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.

Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla, qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə də qoşulub. Konvensiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır. Xatırlatmaq yerinə düşər ki, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və bu istiqamətdə ölkəmizdə mühüm tədbirlər həyata keçirilir.

Əvvəlki məqalə“Yaşıl gələcək naminə” aksiyası Lənkəranda davam etdirilib
Növbəti məqalədəQubadlıda yanğın baş verib, meşə zolağına keçməsinin qarşısı alınıb