Bakı Mühəndislik Universiteti (BMU) Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə “COP29: Gənclərin iqlim hərəkatına çağırışı” mövzusunda simpozium təşkil edib. Tədbirdən öncə Abşeron rayon məktəblilərinin iqlim dəyişiklikləri, ekoloji problemlərlə bağlı əl işlərindən ibarət rəsm əsərlərinə baxış keçirilib.
BMU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə işinə başlayan simpoziumda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra COP29-la bağlı maarifləndirici videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin dövlətimizin yaşıl iqtisadiyyata keçid strategiyasının, milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfənin məntiqi nəticəsi olduğunu bildirib. Bu siyasətin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını təsdiqlədiyini xatırladan rektor qəbul olunmuş digər strateji sənədləri nəzərə çatdırıb, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində atılan önəmli addımları vurğulayıb.
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verən Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” olduğunu deyən rektor həmin prioritetə əsasən aparılan işləri, qarşıya qoyulan hədəfləri diqqətə çatdırıb, eləcə də ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun, həmçinin Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunduğunu, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların gerçəkləşdirildiyini deyən Yaqub Piriyev bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” ali təhsil müəssisələri və onların müəllim-tələbə heyətinin üzvləri üçün də geniş fəaliyyətlərlə müşayiət oluna bilər. “Yaşıl universitet” layihəsi çərçivəsində ali təhsil müəssisələrində görülə biləcək işləri sadalayan rektor dünyanın əksər universitetlərində “Yaşıl universitet şəhərciyi” (yaşıl kampus) konsepsiyasının geniş yayıldığını söyləyib. BMU-da ətraf mühitin qorunması ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışan rektor universitetin Avropa İttifaqının “Horizon 2020” Tədqiqat və İnnovasiya proqramı çərçivəsində reallaşdırılan “CAMPAİGNers” layihəsində yer alan 28 tərəfdaşdan biri olduğunu qeyd edib. Yaqub Piriyev çıxışının sonunda gəncləri dövlətimizin qarşısında duran məqsədlər uğrunda həmrəyliyə, daha səylə çalışmağa və ətraf mühiti qorumağa çağırıb.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxışında belə bir tədbirin BMU-da təşkilinin təsadüfü olmadığını, universitetdə əcnəbi tələbələrin təhsil aldığını, eyni zamanda, “yaşıl universitet” layihəsinə əsaslanan müvafiq işlərin aparıldığını bildirib. Gələcəyimiz olan gənclərdə ekoloji maariflənmənin daha da gücləndirilməsi baxımından tədbirin əhəmiyyətini vurğulayan Gülnar Rəhimova Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən çoxşaxəli işlərdən bəhs edib. O, eyni zamanda, rayonun alternativ enerji mənbəyi ilə zəngin ərazi olduğunu, burada dövlət tərəfindən müvafiq layihələrin icra edildiyini söyləyib, Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyini vurğulayaraq gənclərin üzərinə düşən vəzifələri diqqətə çatdırıb.
Şəhid Elçin Həsənlinin anası, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova yenidən BMU-da olmaqdan və belə bir tədbirdə çıxış etməkdən məmnunluğunu bildirib. Bakının COP29-a ev sahibliyi etməsinin tarixi hadisə olduğunu vurğulayan Xatirə İsmayılova Azərbaycanın bütün dünyada hər sahədə öz sözünü deməyə müvəffəq olmuş qüdrətli ölkə kimi tanındığını bildirib. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin bunun bariz nümunəsi olduğunu deyən şəhid anası ermənilərin Qarabağda həyata keçirdiyi ekoloji terrordan danışıb, gənclərə bu tarixi faktları unutmamağı tövsiyə edib. Şəhid Elçin Həsənlinin bərpa olunan enerji mənbələri ilə bağlı bir neçə məqaləsinin olduğunu nəzərə çatdıran Xatirə İsmayılova onun keçdiyi şərəfli həyat yolundan da ətraflı bəhs edib.
Sonra tədbirdə BMU Texnoparkının direktoru, Sənaye mühəndisliyi kafedrasının dosenti İsa Qasımov “Yaşıl texnologiyaların iqtisadiyyatda və cəmiyyətdə rolu”, həmin kafedranın baş müəllimi Etibar Qəhrəmanov “İqlim dəyişikliyi” mövzularında məruzə ediblər. BMU-nun əcnəbi tələbələri – Abdullah Azharudin, Omar Muhamat Hassan, Nouriya Elyasi, Khaled Abudun çıxışlarında isə qlobal istiləşmə, iqlim dəyişikliyinin insanlığa təsiri, ekoloji problemlər kimi mövzulardan bəhs olunub.