COP29 Azərbaycan Sədrliyinin Könüllülük proqramı

Bu il noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) könüllülərin iştirakını təşkil etmək üçün nəzərdə tutulan Könüllülük Proqramına qeydiyyat iyunun 5-də başa çatır.

COP29 Əməliyyat Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 29-da elan olunan və həmin gündən etibarən fəal şəkildə müraciətləri qəbul edən Könüllülük Proqramına qeydiyyat prosesinə saat 23:00-da yekun vurulacaq.

Ölkəmizin ev sahibliyi edəcəyi bu nüfuzlu iqlim tədbirinin təşkili üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti yerli və xarici vətəndaşlar olmaqla, 3000-dən çox könüllünü prosesə cəlb edəcək.

Könüllülük proqramına qeydiyyatdan keçmək və bu qlobal tədbirin bir parçası olmaq üçün artıq son saatlar qalıb. Proqrama qeydiyyat prosesi zamanı 16 minə yaxın namizədin müraciəti daxil olub. Proqram könüllülərin layihəyə rahat və sistemli şəkildə qoşulmaları üçün “volunteers.cop29.az” portalı üzərindən icra edilir. Bu proqram həvəsli və məqsədli şəxslərə iqlim dəyişikliyi üzrə ən mühüm qlobal konfranslardan birinin uğuruna töhfə vermək üçün misilsiz şans təqdim edir. Könüllülər logistika və media xidmətlərindən tutmuş kommunikasiya və protokol işlərinə qədər tədbirin müxtəlif aspektlərində müstəsna rol oynayacaqlar.

Könüllülər auditoriyasında yüksək fəallıq müşahidə olunub və 16 minədək namizəd qeydiyyatdan keçib. Tədbirin əsasını təşkil edən könüllülər, onların fədakarlığı və öhdəliyi dünyada iqlim dəyişmələri mövzusunda müsbət dəyişikliyə səbəb olmaqda zəruri rol oynayacaq. Bu son saatlar hələ də qeydiyyatdan keçməmiş şəxslər üçün bu qlobal tədbir xüsusunda COP komandasına qoşulmaq üçün bir fürsətdir.

COP29 Könüllülük Proqramı çərçivəsində qeydiyyat ərizələrini tamamlayan namizədlər yeni istifadəyə verilmiş Könüllülər Mərkəzində iyulun sonuna qədər davam edəcək müsahibə prosesinə dəvət olunacaqlar. Daha sonra isə onlar informativ təlim sessiyalarına, şəbəkələşmə imkanlarına və dayanıqlılıq istiqamətində qlobal hərəkatın bir hissəsinə çevrilmək şansına sahib olacaqlar. Namizədlər qeydiyyatı uğurla tamamlamalarından əmin olmaq üçün portala daxil olub elektron kabinetlərini yoxlaya bilərlər.

Əvvəlki məqaləBu gün Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür
Növbəti məqalədəAzərbaycanın COP29-da “Sülh və iqlim qovşağı” mövzusuna diqqəti BMT-nin İqlim Konfransında təqdirlə qarşılanıb