COP29-la əlaqədar ticarət və ictimai iaşə müəssisələrinin əməkdaşları üçün təlim

Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olan bölmələrdə çalışan əməkdaşlar üçün növbəti onlayn təlim keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunan təlimdə Bakı və Sumqayıt şəhərlərində yerləşən keytrinq, otel və sanatoriyalarda qida təhlükəsizliyi vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə, eləcə də sahibkarlarla bu istiqamətdə maarifləndirmə işləri aparan, həmçinin tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz xidmətlərin göstərilməsi üçün ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər həyata keçirən əməkdaşlar iştirak ediblər.

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən aparılan təlimdə iştirakçılara “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin Qanundan irəli gələn tələblər, müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanılması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib.

Təlim zamanı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Əvvəlki məqaləGüzdək Bozdağı palçıq vulkanı 15 ildən sonra yenidən püskürüb
Növbəti məqalədəBerlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq