BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu iqlim həllərini təşviq etmək üçün “Fərqlilik yaradanlar” adlı yeni kampaniyaya başlanılıb.
“Report” xəbər verir ki, bu barədə elanı BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai verib.
O, kampaniyanın iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində yenilikçi ideyaları olan müxtəlif regionalardan fərdlərin və novatorların həyata keçirdiyi layihələri və fəaliyyətlərini işıqlandırmaq üçün olduğunu diqqətə çatdırıb.
“Fərqlilik yaradanlar” kampaniyası çərçivəsində sosial sahibkarların, icma nümayəndələrinin və startap ideyaları olan fərdlərin layihələri seçilərək müxtəlif platformalarda nümayiş etdiriləcək.
Kampaniyanın məqsədi hər bir fərdin ətraf mühitə müsbət təsir edəcək fəaliyyət göstərmək iqtidarında olduğunu göstərmək, hər kəsi iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmağa çağırmaq və ruhlandırmaqdır.
Kampaniya zamanı seçiləcək layihələr həm onlayn platformalarda, həm də Azərbaycanda keçiriləcək COP29 zamanı “Fərqlilik yaradanlar” sərgisi çərçivəsində təqdim olunacaq.
“Fərqlilik yaradan” nominasiyası üzrə qalib namizədlərin seçilməsi beynəlxalq tədqiqat institutları, sosial təşkilatlar və kommunikasiya platformalarının nümayəndələrindən ibarət olan Komitə tərəfindən aparılacaq.
“Fərqlilik yaradanlar”ın qiymətləndirilməsi zamanı onların innovativ yanaşmaları, yaradıcılıq məharətləri və ünsiyyət bacarıqları, eləcə də təşəbbüslərinin təsir və miqyası nəzərə alınacaq.
Kampaniyanın geniş əhatəli, inklüziv və əlçatan olmasını təmin etmək üçün Linkedİn, İnstagram, TikTok və “X” sosial şəbəkələrindən istifadə olunacaqdır. Arzu edən hər kəs öz icmasında, şəhərində və ya şirkətində iqlim həlləri üzrə həyata keçirdikləri təşəbbüslərin “əvvəl və sonrakı” mərhələlərini əks etdirən fotoşəkilləri və ya videoları #COP29ImpactMakers həştəqi ilə bölüşərək layihələrini necə başladıqlarını və hazırda necə davam etdiklərini paylaşa bilər.
Nigar Arpadarai vurğulayıb ki, iqlim dəyişmələri qlobal cavab tədbirlərini tələb edən problemdir: “Bu eyni zamanda, həm də gələcək nəsillər üçün ədalətli dünya yaratmaq və fəxr edə biləcəyimiz irs qoymaq baxımından unikal fürsətdir. BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu kimi bir çox insanların iqlim dəyişməsinin təsirlərinə qarşı ilhamlandırıcı hekayələrinin şahidi oluram, amma çox zaman bu hekayələr paylaşılmamış qalır. Ətraf mühitə müsbət təsir göstərən, fərqlilik yaradan bu hekayələri bütün insanlara çatdırmaq istəyirəm. Çünki belə şəxslərin fəaliyyəti hər kəsi sağlam gələcək üçün qlobal fəaliyyətə ilhamlandıracaq”.
İlk “Fərqlilik yaradanlar” sentyabrın 23-də ABŞ-ın Nyu-York şəhərində keçiriləcək İqlim Həftəsində kampaniyanın rəsmi başlanğıcına həsr olunmuş tədbir zamanı seçiləcək və təqdim olunacaqlar.