BMT-nin Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində “COP29-a gedən yol: Adaptasiyaya çoxtərəfli yanaşma” mövzusunda müzakirələr təşkil olunub.
AZƏRTAC-ın məlumatına görə, açılış nitqi ilə çıxış edən COP29-un Prezidenti Muxtar Babayev son illər çoxtərəfli forumlarda adaptasiya səyləri sahəsində irəliləyiş əldə edildiyini bildirib. Onun sözlərinə görə, lakin adaptasiya mövzusu hələ də kifayət qədər prioritetləşməyib və maliyyələşməyib. Muxtar Babayev deyib ki, bu istiqamətdə strateji əməkdaşlığa, innovativ mexanizmlərə və adaptasiyanın təcililik səviyyəsinə qaldırılması üçün islahatlara ehtiyac var. “Qlobal Baxışa əsasən adaptasiya səyləri Paris Sazişində göstərilmiş uzunmüddətli hədəflərimizə uyğun gəlmir. Bu istiqamətdə yeganə yol adaptasiya ilə bağlı ambisiyaların artırılması və fəaliyyətə təkan verilməsidir. Biz başa düşürük ki, effektiv adaptasiya təkcə maliyyəyə deyil, həm də yaxşı strukturlaşdırılmış planlara, strategiyalara və texniki imkanlara əsaslanır. Qlobal Baxışa uyğun olaraq 2025-ci ilə qədər Milli Adaptasiya Planlarına və siyasətlərinə sahib olmalıyıq ki, 2030-cu ilə qədər onların həyata keçirilməsində irəliləyiş əldə edə bilək”,- deyə Muxtar Babayev əlavə edib.
COP29 Prezidenti bildirib ki, Azərbaycan NAP-nı hazırlayır və bu yolda bir çox inkişaf etməkdə olan ölkələrin bu planların hazırlanmasında və həyata keçirilməsində üzləşdiyi mühüm problemləri anlayır: “Biz NAP-ların inkişafına dəstəyi genişləndirmək üçün tərəfdaşlarla işləməyə sadiqik. Adaptasiya ilə bağlı uzunmüddətli hədəflərimizə çatmaq üçün maliyyə boşluğunu aradan qaldırmalıyıq. Qlobal Baxışa əsasən adaptasiya maliyyəsi COP26-da razılaşdırılan ikiqat artımdan daha çox artırılmalıdır”.
Çıxışçılar son zamanlarda baş verən iqlim fəlakətləri kontekstində daha da təcili xarakter alan adaptasiya üzrə maliyyənin artırılması ətrafında fikir mübadiləsi aparıb.
Tədbirdə Milli Adaptasiya Planlarının və Qlobal Adaptasiya Hədəfinin irəlilədilməsi, həmçinin inkişaf etməkdə olan ölkələr üçün xüsusilə vacib olan adaptasiya maliyyəsi sahəsindəki maneələrin aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Köməkçi Qurumlarının sədrlərinin açılış nitqi ilə davam edən tədbirdə çıxışçılar qismində İrlandiya, Tuvalu, Maldiv adaları və Qambiyanın iqlim məsələləri üzrə məsul nazirləri, Kanadanın iqlim dəyişikliyi üzrə səfiri, o cümlədən Adaptasiya Fondunun rəhbəri, Asiya İnkişaf Bankının iqlim dəyişikliyi üzrə direktoru, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Adaptasiya üzrə direktoru və COP29 Baş danışıqçısının müavini Samir Becanov adaptasiya səylərini sürətləndirmək üçün həll yollarının tapılması məqsədilə müzakirələrə qoşulub.
Tədbirdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və inkişaf etməkdə olan kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələr kimi xüsusilə həssas bölgələrdə adaptasiya səylərinin maliyyələşdirilməsinin genişləndirilməsinin vacibliyi vurğulanıb. İştirakçılar bu sahədə olan maneələrin aradan qaldırılması və icrası üçün innovativ yanaşmalara çağırış edib.
Tədbirdə yekun nitqi ilə çıxış edən COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev iqlim dəyişikliyinin təsirlərinə, xüsusilə həssas olan ölkələri qorumaq üçün qlobal əməkdaşlıq və transformasiyayönümlü tədbirlərin vacibliyini qeyd edib və bu xüsusda, yaşıl gələcək naminə iqlim adaptasiyasının qlobal səviyyədə gücləndirilməsi baxımından COP29-un əhəmiyyətli olduğunu vurğulayıb.