COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva
COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva

Martın 12-də vətəndaş cəmiyyəti fəalı, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva BMT-nin Cenevrə qərargahında BMT-nin İnsan Hüquqları (OHCHR) və Ətraf Mühit Proqramı (UNEP) tərəfindən keçirilən “İnsan hüquqları və ətraf mühit” adlı tədbirdə çıxış edib. P.Vəliyeva AZƏRTAC-a bildirib ki, o, vətəndaş cəmiyyətinin iqlimlə bağlı fəaliyyətindən danışıb. Bildirib ki, vətəndaş cəmiyyəti iqlimlə bağlı mübarizədə mühüm rola malikdir, danışıqlarda əhəmiyyətli rol oynayır, qadınların iqlim danışıqlarında liderliyinin gücləndirilməsi, iqlim fəaliyyətində qərarların qəbul edilməsində onların mənalı iştirakı prioritet təşkil edir.

O qeyd edib ki, Azərbaycan bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək, ölkədə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib, təmiz ətraf mühit və “Yaşıl İnkişaf” Azərbaycanın 2030 Milli Prioritetlərinin əsasını təşkil edir.

Həmçinin bildirib ki, COP29 Təşkilat Komitəsində qadınların 43 faizə malik olması Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizədə qadınların oynadığı rolun göstəricisidir.

P.Vəliyeva tədbirin moderatoru – BMT-nin İnsan Hüquqları üzrə ofisinin nümayəndəsi tərəfindən qaldırılmış ekoloji ədalət və insan hüquqları ilə bağlı məsələyə də münasibət bildirərək qeyd edib ki, Azərbaycan su çatışmazlığı ilə üzləşən ölkələr sırasındadır. Bu, qlobal istiləşmə nəticəsində quraqlıq və xarici təsirlərin nəticəsində suyun çirkləndirilməsi ilə baş verir. Belə ki, qonşu Ermənistan Azərbaycana axan transsərhəd çayları çirkləndirməklə bu problemi daha da dərinləşdirir. Azərbaycanın qərb və mərkəzi rayonlarında istifadə olunan içməli və suvarma suyu Ermənistanda fəaliyyət göstərən dağ-mədən sənayesi tərəfindən güclü şəkildə çirkləndirilir. “Məhz buna görə də mənim ölkəm – Azərbaycan su çatışmazlığı ilə üzləşən ölkələr sırasındadır”, – deyib.

Pərvanə Vəliyeva çıxışının sonunda dünya xalqlarını təmiz, sağlam ətraf mühit və davamlı inkişaf üçün həmrəyliyin gücləndirilməsinə səsləyib.

Əvvəlki məqalə“Euronews”: Azərbaycanda energetika sahəsində qarşılıqlı əməkdaşlıq və yaşıl enerjiyə keçid müzakirə edilib
Növbəti məqalədəYel çərşənbəsində 50 mindən çox ağac əkilib