Bakı Dövlət Universitetinin Ekoloji kimya kafedrasının professoru Sevinc Hacıyeva
Bakı Dövlət Universitetinin Ekoloji kimya kafedrasının professoru Sevinc Hacıyeva

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCC) atmosferin tərkib qazlarını sabitləşdirməklə insanların iqlim sisteminə təhlükəli müdaxiləsi ilə mübarizə aparması üçün dünya ölkələri arasında imzalanmış beynəlxalq ekoloji sazişdir. Bu sənəd 1992-ci ildə BMT-nin Rio-de-Janeyroda keçirilən Ətraf Mühit və İnkişaf üzrə konfransında (UNCED) 154 dövlət tərəfindən imzalanıb, 1994-cü il martın 21-də qüvvəyə minib. Müqavilənin əsas məqsədi atmosferə buraxılan istixana qazlarının qatılıqlarının iqlim sisteminə təhlükəli antropogen müdaxiləsinin qarşısını almaqdır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Ekoloji kimya kafedrasının professoru Sevinc Hacıyeva məlumat verib. O qeyd edib ki, iqlim dəyişikliyi ətraf mühitin bütün komponentlərinə, xüsusən də ekosistemlərin strukturunun pozulmasına təsir göstərir. Bu, iqtisadi inkişafın sürətlənməsi, sənayenin inkişafı, qida istehsalının güclənməsi kontekstində karbohidrogen ehtiyatlarından istifadənin artmasına gətirib çıxarır, sənaye sahələrindən və karbohidrogen ehtiyatlarının çıxarılması zamanı ətraf mühitə külli miqdarda zərərli maddələr atılmasına səbəb olur və bütün bunlar atmosferdə emissiyaların çoxalması deməkdir. Müasir dövrdə baş verən iqlim dəyişiklikləri ətraf mühitdə su ehtiyatlarının azalması, xəstəliklərin çoxalması, temperaturun yüksəlməsi və s. dönməyən proseslərin yaranmasına səbəb ola bilər. Ona görə də dünya ölkələri bu sahədə öz qüvvələrini səfərbər etməli, iqlim dəyişikliyinə səbəb olan təhlükəli antropogen fəaliyyətlərin qarşısının alınması üçün Çərçivə konvensiyası, Kioto protokolu və 2016-cı ildə qüvvəyə minmiş Paris sazişi ilə götürdüyü öhdəlikləri yerinə yetirməlidirlər. Qlobal temperatur artımının 1,5°C aşağı saxlamaq kimi məsələnin icrası üçün atmosferə istixana qazlarının atılması minimuma endirilməlidir. Bunun üçün sənaye sahələrində ətraf mühitə “dost texnologiya”ların tətbiqi və bərpaolunan enerji mənbələrinin təşviqi mühüm yer tutur. Qeyd olunanları nəzərə alaraq, atmosferə atılmaların azaldılması üçün müasir elmi-texniki tərəqqiyə əsaslanan yanaşmaların tətbiqi, elm və sənayenin vəhdəti şəraitində həyata keçirilməlidir. Eyni zamanda, kənd təsərrüfatında yaranan və karbohidrogen istehsalı zamanı ətraf mühitə atılan metan kimi istilik effekti yaradan qazın tutulması üçün yeni yolların araşdırılmasının elmi əsaslarının yaradılması əsas götürülür. Metan onun üçün təhlükəlidir ki, o, karbon qazından 25 dəfə artıq istilikudma qabiliyyətinə malikdir. Beləliklə, atmosfer emissiyalarının minimuma endirilməsi yalnız elmi-texniki əsaslı olmalıdır. Məlumdur ki, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi sahəsində planları ilə inkişaf etmiş ölkələrin planları arasında fərqlər mövcuddur.

“Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinin bu baxımdan mühüm əhəmiyyəti var. Ölkəmizdə “yaşıl enerjiyə keçid” sürətlə baş verir və bu baxımdan Azərbaycan qabaqcıl ölkələr sırasındadır. COP29 çərçivəsində ölkələr arasında körpü yaratmaqla öhdəliklərin daha sürətli icrası çox yaxşı imkanlar yaradacaq. Həmçinin bu, imkan verir ki, ölkələr tətbiq etdikləri elmi yenilikləri öz aralarında bölüşsünlər və atmosfer emissiyalarının azaldılması üçün yeni texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsi aparsınlar. Belə olan halda həm də elmi potensialın mübadiləsi baş verəcək ki, bu da atmosfer emissiyalarının azaldılması üçün daha mütərəqqi elmi yolların yaranmasına gətirib çıxaracaq”, – deyə professor S.Hacıyeva bildirib.

Əvvəlki məqaləSabah Azərbaycanın dağlıq ərazilərində havanın yağıntılı olacağı gözlənilir
Növbəti məqalədəAzərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib