Dendrologiya bağı

Ümumi sahəsi 12 hektar olan Mərdəkan qəsəbəsindəki Dendrologiya bağında 600-dək bitki növü var və onun 363 növü ağac, 106 növü oranjereya, 34 növdən çoxu ot bitkiləri, 53 növü isə müxtəlif güllərdən ibarətdir. Bağın kolleksiya sahələrində Azərbaycanın “Qırmızı kitabı”na salınmış 141 növ ağac və kol bitkilərindən bir çox növü mühafizə edilir. Ərazinin 8 hektarında yerləşən kolleksiya sahələrini landşaft memarlığının nümunəsi kimi milli sərvət hesab etmək olar. Ərazinin digər hissəsində istixanalar, çarhovuzlar, inzibati və laboratoriya binaları yerləşir.

Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində “Dendrologiya bağı”nda əsaslı təmir-bərpa işləri həyata keçirilir.

Həmin işlərin gedişi barədə təmir-bərpa işlərini aparan şirkətdən AZƏRTAC-a verilən məlumata görə, qəzalı vəziyyətdə olan üçmərtəbəli inzibati bina və istixanalar sökülərək yerində yeni müasir inzibati bina və 3 ədəd istixana tikilir. Hazırda buradakı nəzarət-buraxılış məntəqəsi və köməkçi tikililərin əsaslı təmiri, giriş hissədə yeni fəvvarənin yaradılması, ərazidəki dairəvi və dördbucaqlı su hovuzlarının əsaslı təmiri və bərpa gücləndirilməsi, ərazi boyunca uzanan hasarın yenidən qurulması işləri aparılır. Həmçinin parkın bütün ərazisinin abadlaşdırılması, müasir işıqlandırma sisteminin quraşdırılması, piyada yollarının çəkilməsi, uşaq əyləncə meydançalarının salınması və s. işlər nəzərdə tutulub. Əraziyə gələnlər həm bağda istirahət etmək, həm də bitkilərlə tanış olmaq imkanı qazanacaqlar. Burada parkın əsasını qoyan xeyriyyəçi Murtuza Muxtarovun ev muzeyinin təmir-bərpa edilərək ilkin vəziyyətə gətirilməsi və şair Sergey Yesenin ev muzeyinin bünövrəsinin möhkəmləndirilməsi və əsaslı təmiri aparılır.

Parkda yeni layihəyə əsasən ağacların və yaşıllıqların sayının artırılması nəzərdə tutulur, mövcud ağaclara nəzarət və qulluq işləri gücləndirilir. Buraya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və bir çox elmi-tədqiqat institutlarının mütəxəssisləri tərəfindən baxış keçirilib, qurumuş və xəstə ağacların müalicə edilməsi məqsədilə müxtəlif rəylər verilib.

Dendrologiya bağında yenidənqurma və abadlıq işləri başa çatdırıldıqdan sonra bağ paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli keçirmələri üçün gözəl təbiət nümunəsinə çevriləcək. Yeni layihəyə əsasən ağacların və yaşıllıqların sayı artırılacaq.

Təmir işlərinin gələn il başa çatdırılması nəzərdə tutulub.

Əvvəlki məqaləSabah külək güclənəcək, intensiv yağış yağacaq
Növbəti məqalədəHacıqabulda bələdiyyə sədri cərimələnib