DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ağacəkmə aksiyası

“Yaşıl dünya naminə həmrəylik ili”ndə ağacəkmə aksiyaları davam edir. Növbəti aksiya bu gün – Novruz bayramının ikinci çərşənbəsi olan Od çərşənbəsində Müşfiqabad qəsəbəsində keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ETSN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin nümayəndələrinin, benefisiarların, ekokönüllülərin və “İnklüziv DOST” könüllülərinin iştirakı ilə 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Nazirliyin ağacəkmə aksiyalarını keçirməkdə məqsədi ağacəkmə işini ümummilli hədəflərdən birinə çevirmək, bizi birləşdirən ənənə halına gətirməkdir. Artıq ictimaiyyət nümayəndələri, dövlət və özəl təşkilatlar, könüllülər böyük həvəslə ağacəkmə aksiyalarına qoşularaq cəmiyyətimizdə bu xeyirxah ənənənin formalaşmasına dəstək olurlar.

Əvvəlki məqalə“Yaşıl dünya naminə BSU könüllüləri” qrupunun təsis iclası
Növbəti məqalədəÖtən il qanunsuz ova görə 140 nəfər saxlanılıb, 13-ü xaricidir