ağacəkmə aksiyası

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Zərifə Əliyeva, 27 ünvanında yerləşən mərkəzi aparatının giriş hissəsində ağacəkmə aksiyası keçirilib. Aksiya Prezident İlham Əliyev tərəfindən elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər planına uyğun olaraq təşkil olunub.

Bu barədə AZƏRTAC-a Dövlət Xidmətindən məlumat verilib.

Tədbirdə Dövlət Xidmətinin hərbi qulluqçuları iştirak edib. Aksiya zamanı çinar, şam, zeytun ağacları, həmçinin həmişəyaşıl liqustr və oleandr kolları əkilib.

Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması istiqamətində aparılan işlərə dəstək verməkdir. Həmçinin Neftçilər prospekti paytaxtın əsas prospektlərindən biri kimi Bakı sakinləri ilə yanaşı şəhərə gələn rəsmi qonaqlar və turistlərin diqqət mərkəzində olduğundan görülən işlər şəhərin bu hissəsinin gözəlləşdirilməsi və cəlbediciliyinin artırılmasına töhfə verəcək.

Qeyd edək ki, ağacəkmə aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Əvvəlki məqaləBu gündən daxili su hövzələrində sənaye balıq ovu qadağan edilir
Növbəti məqalədəSabah bəzi yerlərdə 25 dərəcə isti olacaq