Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) yenilənmiş məlumatına əsasən, dünyada 44 min növdən artıq flora və fauna nəsli kəsilmə təhlükəsi qarşısındadır. Bu göstərici ötən illə müqayisədə 2 min çoxdur.
AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, dünyada biomüxtəlifliyin vəziyyəti barədə hesabat təşkilat tərəfindən Dubayda COP28 konfransında təqdim olunub.
Bu, əsasən pis xəbərlər idi. IUCN-in builki Qırmızı kitabına cəmi 157 min növ haqqında məlumat daxil edilib və bu da ötənilki yenilənmə ilə müqayisədə təxminən 7 min çoxdur.
Hesabat iqlim dəyişmələrinin yüzlərlə növün yaşayış mühitlərini daha məhvedici etməklə, Yer kürəsində bitkilərin və heyvanların sayını sürətlə azaldaraq planetin biomüxtəliflik böhranını necə dərinləşdirməsini göstərir.
“Bütün dünyada heyvanlar və bitkilər böyük təzyiq altındadırlar. Hara baxsanız, nəsli kəsilmə təhlükəsi qarşısında olan növlərin sayının artdığını görə bilərsiniz”, – deyə IUCN-in Qırmızı siyahılar şöbəsinin rəhbəri Kreyq Hilton-Teylor qeyd edir.
İqlim dəyişməsi məhvolma təhlükəsi qarşısındakı 6700-dək növün həyat şəraitini pisləşdirir. Onların arasında qızılbalıq və tısbağaları göstərmək olar. Bu növlər iqlimin qızması ilə bağlı say azalması təhlükəsi ilə qarşı-qarşıyadırlar.
Məsələn, Sakit okeanın mərkəzi hissəsindən olan yaşıl tısbağa Yer kürəsində iqlim şəraitinin dəyişməsi səbəbindən böyük riskə məruz qalır. Tısbağalar getdikcə yumurtadan daha az çıxırlar, çünki dəniz səviyyəsinin artması nəticəsində onların yuvalarını su basır. Suyun istiləşməsi yem bazasına – dəniz otlarına böyük zərbə vura bilər.
IUCN-in məlumatına görə, Atlantik qızılbalığının populyasiyası 2006-cı ildən 2020-ci ilədək olan dövrdə təxminən dörddəbir dəfə azalıb. İndi bu növ məhvolma təhlükəsi altındadır. Balıq az sayda yerlərdə məskunlaşır, bəndlər və suyun çirklənməsi kimi təhlükələrlə üzləşir. Qrup təsdiqləyir ki, iqlim dəyişməsi yem axtarışını çətinləşdirir və digər növlər tərəfindən rəqabəti artırır. Lakin bəzi ümidverici əlamətlər mövcuddur: ötən il onların sayı ABŞ-ın Men ştatında artıb.
Yenilənmiş hesabatda şirin su balıq növlərinin sağlamlıq vəziyyəti ilə bağlı birinci geniş dəyərləndirmə yer alıb. Təxminən 3 min növ məhvolma təhlükəsi qarşısındadır.
İqlim dəyişmələri səbəbindən dəniz səviyyəsi artır, duzlu su getdikcə çaylara doğru axır. Bu növlər ətraf mühitin çirklənməsi və həddən artıq balıq ovu ilə bağlı böyük təhdidlərlə üzləşir.
Ən çox qurbağalar, salamandrlar və digər suda-quruda yaşayanlar – təxminən bu növlərin 41 faizi əziyyət çəkir.
IUCN-in növlərin sağ qalması üzrə komissiyası sədrinin müavini Vivek Menonun sözlərinə görə, onlar temperaturun qalxması, quraqlıq səbəbindən iqlim əsarətində olurlar, amfibiyalar zərbə altından çıxa bilmir və birbaşa iqlim dəyişikliyindən zərər çəkirlər”.
Yaxşı xəbərlər də var. İki növ antilop özlərini daha yaxşı hiss edir, lakin onlar populyasiyaları sabitləşənədək hələ uzun yol qət etməlidirlər.
IUCN-in Baş direktoru Qretel Aqilar qeyd edir ki, insanlar biomüxtəlifliyi qorumalıdırlar. Əgər təbiətin mühafizəsi düzgün icra edilirsə, deməli o, fəaliyyət göstərir. Onun sözlərinə görə, iqlim dəyişmələri ilə mübarizə üçün mədən yanacağından tədricən imtina etmək lazımdır ki, bu da bu il COP28 danışıqlarında mübahisə alətinə çevrilib.
“Təbiət bizə kömək etməkdən ötrü buradadır, gəlin, biz də təbiətə kömək edək”, – deyə Aqilar qeyd edib.
Azərbaycanda bu il “Qırmızı kitab”ın üçüncü nəşri buraxılıb. Kitaba məhvolma təhlükəsi qarşısında olan faunanın 241 növü və floranın 460 növü daxil edilib.