Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu

Oktyabrın 30-da Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Ələt Azad İqtisadi Zonasında yaşıllıqların mühafizəsi və yeni yaşıllıq zonalarının salınmasına dair ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov hazırda bəzi media qurumlarının agentliyin fəaliyyətini ədalətli formada təqdim etmədiyini diqqətə çatdırıb. Qeyd olunub ki, agentliyə təqdim edilən bütün layihələr ictimai dinləməyə çıxarılır, onlara qayda-qanunlar çərçivəsində rəy verilir. O əlavə edib ki, təqdim olunan pilot layihələr zamanı bəzi ağaclar tikinti altına düşdüyündən onların bir qisminin köçürülməsinə, köçürülməsi mümkün olmayanların isə götürülməsi məsələlərinə baxılır və yekun rəy qəbul edilərkən tikinti üçün ayrılmış ərazinin 25 faizində yaşıllıq salınmasına dair icraçı qarşısında tələblər qoyulur. “Əfsuslar olsun ki, Azərbaycanda quruculuq işlərinə mane olan insanlar var. Onlar yaşıllıqların götürülməsi, köçürülməsi məsələsinə başqa don geyindirirlər. Çox istərdik ki, bir fikir irəli sürməzdən əvvəl həyata keçiriləcək layihələrin ölkəyə faydası dəyərləndirilsin. İstənilən layihədə əgər ağacların götürülməsi, köçürülməsi varsa, onların kompensasiyası da var. Bütün layihələrdə ətraf mühit məsələləri nəzərə alınır”.

Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonasının yaradılmasının məqsədinin yüksək əlavə dəyərli ixracyönümlü məhsul istehsal edən investorların, müəssisələrin cəlb edilməsi, burada onların fəaliyyətinin təmin edilməsindən ibarət olduğunu diqqətə çatdırıb: “Təbii ki, bunu təmin etmək üçün müvafiq cəlbedici qanunvericilik olmalıdır. Ələt Azad İqtisadi Zonasına aid qanunvericilik ən dəqiq işlənmiş, investorların cəlb edilməsi üçün ən uğurlu qanunvericilik, normativ-hüquqi baza hesab olunur. İkincisi, infrastrukturla təmin olunmuş ərazi lazımdır. Bu da yaradılıb. Birinci mərhələdə 60 hektar ərazidə torpaq işləri görülüb, yollar, su, qaz xətləri çəkilib, ofis binası, elektrik enerjisi ilə təmin etmək üçün 160 meqavatlıq yarımstansiya tikilib. Növbəti mərhələ üçün ərazilər hazırlayırıq. 138 hektar əlavə ərazidə hazırlıq işləri gedir ki, həmin ərazinin 41 hektarının sahibi var. Onlar xarici investorlardır. Orada böyük müəssisələr tikiləcək. Ona görə də həmin ərazidə işləri qısa müddətdə bitirməliyik”.

V.Ələsgərov investorlardan birinin iki-üç aydan sonra ən azı 85 min kvadratmetr ərazini əhatə edən müəssisənin tikintisinə başlamaq istədiyini qeyd edib: “Ona görə də biz ərazini hazırlamalıyıq. Ərazini hazırlamaq üçün orada köhnə Ağac Emalı Kombinatı sökülüb və təmizlik işləri gedir. Oradakı ağaclar da böyük ehtimal yarım əsr bundan əvvəl əkilib. Son 30 ildə isə həmin ağaclara qulluq edilməyib. Həmin ağacların vəziyyəti göz qarşısındadır. Ərazidə infrastruktur işləri ilə bərabər ən yüksək ekoloji tələblərə cavab verən işlər görüləcək. Təbii ki, götürüləcək ağacların yerinə yaşıllığın salınması da nəzərdə tutulub. Belə ki, 138 hektar ərazinin 10.5 hektar hissəsində yaşıllaşdırma, abadlaşdırma işləri zamanı 10 növdə 1513 ədəd ağac əkiləcək. Həmçinin ərazidə 15 növdə 39 min kol tipli gülün əkiləcəyi, geniş yaşıl örtüklü sahələrin salınacağı nəzərdə tutulub. Tikiləcək müəssisədə tullantı sularının kanalizasiyaya axıdılmamasını şərt qoymuşuq. Bir tərəfdən müəssisənin fəaliyyətində, digər tərəfdən ekoloji məsələlərin nəzərə alınmasında maraqlıyıq. Ətraf mühit məsələlərinə çox diqqətlə yanaşırıq. Ən müasir texnologiyalardan istifadə edərək sıfır tullantı tətbiq ediləcək. Müəssisəyə gedən yollarda da Abşeron yarımadası üçün xarakterik bitkilərin əkilməsi nəzərdə tutulub . Bundan sonra da görüləcək infrastruktur işlərində ekoloji tələblərə ən yüksək səviyyədə cavab veriləcək”.

V.Ələsgərov qeyd edib ki, ərazidəki müəssisəyə ən azı 230-250 milyon avro sərmayə qoyulacaq. Orada ən azı 350 nəfər işlə təmin olunacaq.

İctimai dinləmə ekoloqlar, QHT və KİV nümayəndələrinin yaşıllıqların götürülməsi, bərpa dəyəri, ekoloji mühitin yaxşılaşdırılması istiqamətində apardıqları müzakirələrlə davam edib. Sonda ərazidəki yaşıllıqların götürülməsi ilə bağlı müraciətə müvafiq qanunvericilik çərçivəsində baxılaraq nəticəsi barədə məlumat verilməsinə dair qərar qəbul edilib.

Əvvəlki məqaləPekində hava çirklənməsi ilə əlaqədar “narıncı” xəbərdarlıq elan olunub
Növbəti məqalədə“PreCop28” hazırlıq görüşü öz işinə başlayıb